May ayında avronun dollara nisbətən dəyərdən düşməsi müşahidə edilib. Ayın əvvəlində 1 avro 1.21 dollar təşkil edirdisə, artıq avro 1.167 dollara bərabərdir. Bu is avronun dollar qarşısında yalnız bir ay ərzində dörd faizə yaxın dəyər itirməsi deməkdir. Avro bundan sonra da ucuzlaşacaqmı?
ÇıxışYolu.Com-ın sualına cavab verən iqtisadçı-ekspert Vüqar Bayramov hesab edir ki, avronın dəyər itirməsinin əsas səbəbi İtaliyada müşahidə edilən hökumət böhranıdır:
“Avrozonanın üçüncü ən böyük iqtisadiyyata malik olan ölkəsində müşahidə edilən böhran avronun məzənnəsinə psixoloji təsir göstərməkdə davam edir. Eyni zamanda, dolların qlobal maliyyə bazarında mövqelərinin möhkəmlənməsi də avroya təsirsiz ötüşmürdü.
Digər tərəfdən, qlobal maliyyə bazarının oyunçuları aparıcı valyutaların dollara nisbətən kursuna iqtisadi və hətta spekulyativ təsir etməklə məzənnəni müəyyən interval daxilində dəyişərək mənfəət marjı yaradırlar. Bu baxımdan, valyutanın məzənnəsi yüksək olan zaman almaq heç də tövsiyə olunmur”.
V.Bayramov qeyd edir ki, dollara nisbətən ucuzlaşan avro manata qarşı da dəyər itirir:
“Avronun iyundakı məzənnəsi İtaliyadakı vəziyyətdən asılı olacaq. Avrozonada iqtisadi vəziyyət stabildir. Hökumət böhranlarının aradan qaldırılması avroya yenidən nəfəs verə bilər”.