Hökumət iki il ərzində antiinflyasiya tədbirlərinin nəticələrini açıqlayıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanda inflyasiya 2023-cü ilin I rübündən sonra azalmağa başlayıb.
Bu, Nazirlər Kabinetinin “Antiinflyasiya tədbirləri və onun iqtisadi
nəticələrinə dair xüsusi bülleten”ində əksini tapıb.
Qeyd edilib ki, 2022-ci il fevralın 21-də Nazirlər Kabineti “Azərbaycan
Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı
təxirəsalınmaz tədbirlər haqqında” Sərəncamı imzalayıb.
Görülmüş tədbirlərin nəticəsində artıq 2022-ci ilin doqquzuncu ayından
başlayaraq orta illik inflyasiya sabitləşməyə başlayıb, orta aylıq inflyasiya
isə sentyabrdan dekabra qədər 3,1%-dən 1,0%-ə qədər azalıb. 2022-ci ildə illik
inflyasiya 14,4 faiz (2022-ci ilin dekabr ayı 2021-ci ilin dekabr ayına
nəzərən), orta illik inflyasiya isə 13,9 faiz təşkil edib. Təhlillər göstərib
ki, qiymət artımının birbaşa və dolayı olaraq əhəmiyyətli hissəsi xarici
mənşəli xərc amilləri ilə bağlıdır:
“İdxal üzrə illik qiymət indeksinin artımı 22,2% oldu ki, bu da dünya əmtəə
qiymətlərinin və daşınma-logistika xərclərinin yüksəlməsi, habelə ticarət
tərəfdaşı olan ölkələrdə inflyasiya templərinin artması (orta illik inflyasiya
20,4%) ilə izah edilirdi. Xüsusilə dünya ərzaq qiymətləri idxal vasitəsilə
daxili ərzaq inflyasiyasına ciddi təsir göstərdi (2022-ci ilin dekabr ayında
ölkəyə idxal edilmiş ərzaqlıq buğdanın bir tonunun orta qiyməti 551,08 manat
təşkil etmişdi). 2022-ci ilin son rübündə inflyasiyanın artım tempi
dayandırıldı və sabitləşdi, enmə meyilləri müşahidə olundu. Ancaq bununla belə,
il ərzində ölkədə qiymətlərin bazar prinsipləri əsasında formalaşmasını
qorumaqla inflyasiyanın işgüzar fəallığa və əhalinin sosial rifahına
təsirlərini minimallaşdırmaq məqsədilə hökumət tərəfindən antiinflyasiya
tədbirlərinin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirildi”.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-cü ilin sonunda 12 aylıq
inflyasiya 2,1% təşkil etməklə hədəf (4±2%) diapazonunun aşağı hissəsində
formalaşıb. 2023-cü ildə orta illik inflyasiya birrəqəmli səviyyədə 8,8% olub.
Tənzimlənən qiymətlərin, həmçinin mövsümi xarakterli məhsulların qiymət
dəyişimi nəzərə alınmadan hesablanan baza inflyasiyasının tempi də azalaraq
dekabrda 2,3% olub, inflyasiyanın bütün komponentləri üzrə azalma müşahidə
edilib. Ümumilikdə, 2023-cü ilin dekabrında illik inflyasiya ərzaq məhsulları
üzrə 0,8%, qeyri-ərzaq məhsulları üzrə 2,7%, xidmətlər üzrə isə 3,7% təşkil
edib.