Hüquq müdafiəçisi: “Problemlər həllini tapmır, Paris Olimpiya Oyunlarını
boykotu davam etmək lazımdır” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Dünyada özünü hüquqi, demokratik, əzilən xalqların yanında olan bir dövlət
kimi göstərən Fransa 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarına
hazırlaşır. Öz daxilindəki çaxnaşmanın qarşısını ala bilməyən Fransa, görəsən,
idmançıların, məşqçilərin, əsasən də, müsəlman dövlətlərindən gələn yüzlərlə
idmançının təhlükəsizliyinə necə zəmanət verə biləcək?”
Bunu “Bakı İnsan Hüquqları Klubu” İctimai Birliyinin sədri Rəsul Cəfərov
APA-ya açıqlamasında bildirib.
Fransada Olimpiya Oyunlarının boykot edilməsi ilə əlaqədar petisiya başladan
Rəsul Cəfərov qeyd edib ki, Olimpiya Oyunlarının Fransada, xüsusən də Paris
şəhərində keçirilməsi qəbuledilməzdir:
“Çünki Parisdə baş verən etirazlar, bu etirazlara səbəb olan amillər, yəni
milli, dini, irqi, etnik, ayrı-seçkilik məsələləri buna bariz nümunədir. Bu
amillərin olduğu bir ölkədə idmançıların, ümumiyyətlə nümayəndə heyətlərinin
təhlükəsizliyi ilə bağlı olan məsələlərə onlar necə zəmanət verə biləcəklər?”
Hüquq müdafiəçisi vurğulayıb ki, ən yaxşı halda Parisdə keçiriləcək Olimpiya
Oyunlarını beynəlxalq səviyyədə boykot etmək lazımdır:
“Ötən dövr ərzində biz müşahidələr apardıq və şahidi olduq ki, həmin dövrdə
qaldırdığımız problemlər öz həllini tapmır. Təhlükəsizlik məsələsi,
ksenofobiya, islamofobiya, dini, etnik amillərə görə ayrı-seçkilik, tolerantlıq
problemləri mövcuddur və hesab edirik ki, bütün bu problemlər nəticə etibarilə
gələn ilin yay aylarında Parisdə keçiriləcək Olimpiya Oyunları öncəsi mütləq
şəkildə aradan qaldırılmalıdır. Həm idman ictimaiyyəti tərəfindən, həm də
ümumilikdə insanlar, vətəndaşlar və bu məsələyə biganə qalmayan şəxslər
tərəfindən.
Hazırda biz də öz tərəfimizdən bu kampaniyanı həyata keçirməkdəyik. Hazırda
konkret tədbirlər planı hazırlanıb və o tədbirlər planına uyğun olaraq işlər
davam etdirilir”.
Rəsul Cəfərov Fransada Olimpiya Oyunlarının boykot edilməsi ilə bağlı petisiya
başlatdıqlarını xatırladıb:
“O petisiya açıq vəziyyətdədir, yeri gəlmişkən, hazırda davam edir. İlkin
dönəmdə dərhal bir neçə min şəxs həmin petisiyanı imzalayıb. Bu, onu göstərir
ki, petisiyanı imzalamış insanlar da o fikirdədirlər ki, bu vəziyyətdə Parisdə
Olimpiya Oyunlarını keçirmək mümkün deyil. Əgər o problemlər həllini
tapmayacaqsa, Paris Olimpiya Oyunlarını boykot etmək lazımdır”.
Hüquq müdafiəçisi onu da qeyd edib ki, ikinci addım kimi, daha çox planlama
mərhələsi adlandırılan mərhələ ilə ya bu ilin sonundan, ya da gələn ilin
əvvəlindən Olimpiya Oyunlarına təxminən altı ay bir vaxt qalmış intensiv
fəaliyyət həyata keçirəcəklər:
“Həmin intensiv fəaliyyətlər müxtəlif istiqamətlərdədir. Yəni orada həm
ictimai tədbirlər var, həm Azərbaycanda, həm Azərbaycandan kənarda, həm idman
ictimaiyyətinə, nümayəndə heyətlərinə, Beynəlxalq Olimpiya Komitəsinə, digər
milli olimpiya təşkilatlarına, qurumlarına müraciətlər olacaq. Məsələn,
tolerantlıq problemlərinə və yaxud da ayrı-seçkilik problemlərinə, yaxud ətraf
mühit problemləri ilə məşğul olan təşkilatlarla əlaqənin yaradılması və həmin
təşkilatların da bu kampaniyaya qoşulması ilə bağlı planlar var. Yəqin ki,
onunla bağlı yaxın vaxtlarda ətraflı məlumat verəcəyik. Artıq başladılan
kampaniya ilə bağlı digər ölkələrin hüquq-müdafiə təşkilatları da
məlumatlandırılıb”.
Rəsul Cəfərov müəyyən təşkilatlarla yazışmalar apardıqlarını da diqqətə
çatdırıb:
“İlkin yazışmalar olub. Biz hüquq-müdafiə təşkilatıyıq. Bizim ayrı-ayrı
ölkələrdə tərəfdaşlarımız var. Aşağı-yuxarı, dediyim o problemlərlə bağlı həmin
təşkilatlar da o fikirdədirlər ki, bu problem harada olmasından asılı
olmayaraq, öz həllini tapmalıdır və əgər problem varsa, o problem aradan
qaldırılmalıdır, problem səsləndirilməlidir”.
Hüquq müdafiəçisi onu da qeyd edib ki, qısa müddət ərzində başladılan
petisiyaya 5 000 nəfər imza atıb.