“Azfar Group”un təşkilatçılığı ilə keçirilən mini futbol üzrə Alfa Liqada II tur arxada qalıb.
ÇıxışYolu.Com gərgin və dinamik keçən II turun nəticələrini və oyunsonrası açıqlamaları təqdim edir:
2 iyun
“TimSport” – “Peçat Dönər” 2:3
“Borçalı” – “Bərdə Şatırlı” 10:2
“Uğur” – “ArchiCo” 2:0
LSS – “Kapitanlar” 2:0
“Universal” – “AzFar Group” 3:6
“Maştağa” – STP 2:4
“Vur Komandir” – “Galaxy” 1:2
“Sirena Motors” – “Bayern Bakı” 8:4
3 iyun
“Eminspor” – “Azərsun” 4:3
“Mr. Fix” – “Sky Travel” 7:3
İOSC – “Pepsi” 8:1
İCE – “Turin” 2:2
“Avengers” – “Tota” 2:1
“KATV1” – “Zirə” 2:2
“Rezident” – “Baktelecom” 4:3
“Sirab” – “Carclub” 5:4
Tural Lətifov, “ArchiCo”in kapitanı: “Qarşımıza məqsəd qoyulmuşdu ki, qrupdan çıxaq. Lakin “ölüm” qrupuna düşməyimiz qrupdan çıxmaq şansımızı azaltdı. Çünki rəqiblərimizin oturuşmuş, hazır heyətləri vardı. Fərdi şəkildə güclü olsaq da, komanda şəklində çatışmazlıqlarımız var. Nəticə üzücü olsa da, məncə, biz oyun planında pis çıxış etmədik. Hər işdə bir xeyir var, bu bizim üçün böyük təcrübə oldu. “Uğur” və “Galaxy” komandalarına play-offda uğurlar arzulayıram”.
Hüseyn Abdullayev, “Vur Komandir”in kapitanı: “Belə olacağını gözləmirdim, hələ də özümə gələ bilməmişəm”.
Anar Məmmədov, “Rezident”in kapitanı: “Ümumiyyətlə, Alfa Liqada zəif komanda yoxdur. Həddindən artıq möhtəşəm keçirilən bir çempionatdır. İlk turda bir qədər həyəcan bizə mane oldu. Rəqibimiz də çox güclü idi. Hətta növbəti oyuna da “boş” çıxmışdıq. Lakin sonradan toparlandıq. Sonuncu turda İOSC-un qələbəsinə ümidimiz böyükdür. Amma istənilən halda biz də PEPSİ ilə oyuna qələbə qazanmaq üçün çıxacağıq”.
Şahin Xəlilov, “Maştağa”nın kapitanı: “Başlıca məqsədimiz qrupdan çıxmaq idi. Rəqiblərimiz də bizdən güclü deyildilər. Birinci oyunumuz olduğuna görə bəlkə də hardasa “Borçalı”ya məğlubiyyəti həzm etmək olardı. Çünki uşaqlar ilk dəfə idi belə yüksək səviyyədə təşkil olunmuş çempionatda oynayırdılar. Təcrübəsizlik birinci oyunda öz sözünü dedi. İkinci oyunda isə arxayınçılıq məğlub olmağımıza səbəb oldu. Amma bildirim ki, bu, komandamızın real gücü deyildi. Nəsə öz oyunumuzu oynaya bilmədik. Çempionatın təşkilatçılığından tam razı qaldıq, bu cür çempionata görə təşkilatçılara minnətdarlığımızı bildiririk”.
Elşən Xəlilov, “Azfar Group”un kapitanı: “Birinci oyunda uşaqlarda həyəcan var idi. Bu amil də bizə uğur qazanmağa mane oldu. İkici tur öncəsi məşqdə uşaqlarla yığışıb danışdıq, məşqçinin tapşırıqlarını doğru-düzgün şəkildə meydanda yerinə yetirdik və qalib gəldik. Baxmayaraq ki, “Universal”la oyunda iki oyunçumuz yox idi. Ehtiyatda bir qapıçı və bir oyunçu var idi, üstəlik ilk hissənin əvvəllərində Zöhrab da zədələnərək meydanı tərk etməli oldu. Amma var-gücümüzü qoyub üç xal qazandıq. Növbəti oyun həlledici xarakter daşıyır, rəqib də güclüdür, lakin Allahın izni ilə qalib gələn tərəf biz olacağıq”.
Atabəy Zalıyev, KATV1-in kapitanı: “Komandamız yeni yığılıb deyə birinci oyuna yaxşı başlamamışdıq. Sonradan toparlanıb qələbə qazana bildik. “Zirə” ilə oyunun çətin olacağını bilirdik. Rəqibin heyətində güclü və təcrübəli oyunçular var idi. İki hissəni çox yaxşı oynadıq, hətta ilk yarı da daha çox qol vurub qələbə qazana bilərdik. Əvəzində onlar qollarını vurdular. Şükür Allaha ki, ikinci hissədə qol vurub məğlubiyyətdən qaçdıq”.
Tuhid Ağapur, “Azərsun”un kapitanı: “Bəzi oyunçularımız çox yorğun idi. Buna görə də hesabı saxlaya bilmədik. Bir də qeyd edim ki, bu çempionatda komandalar çox kobud oynayır. Kobudluq etməyən komanda kimi bu da oyunumuza mənfi təsir edir. Son oyunumuza var gücümüzlə çıxacağıq”.
S.T.
www.ÇıxışYolu.Com