Hüseyn Məhəmmədov: Maaş almasaq da, Milli Məclislə müqaviləmiz var

Hüseyn Məhəmmədov: Maaş almasaq da, Milli Məclislə müqaviləmiz var

Baxış sayı: 3. 861 dəfə baxılıb.

Azərbaycanlı deputatların Bakıda keçirilmiş futbol turnirində iştirak edərkən beş sabiq futbolçudan istifadə etməsi hələ də sosial şəbəkədə müzakirə olunmaqdadır.

ÇıxışYolu.Com məsələnin aktuallığını nəzərə alıb, Milli Məclis komandasında qapıçımız olan Hüseyn Məhəmmədovla əlaqə saxlayıb.

Azərbaycan millisinin və “Turan”, “Kəpəz”, “Şəmkir”, “Neftçi” kimi klubların qolkiperi olmuş Məhəmmədov Milli Məclisin işçisi olduğunu bildirib:

“Biz bu vətənin əsgərləriyik. Hara çağırılsaq, ora da gedəcəyik. Biz əvvəl də Milli Məclisin komandasında oynamışıq. Oranın İdman şöbəsi var. Həmin şöbənin işçiləri sayılırıq. Maaş almasaq da, Milli Məclislə müqaviləmiz var.

Belə futbol turnirləri olanda iştirak edirik. Ötən il Türkiyədə komandamız II yeri tutanda da biz oynayırdıq. Burada qeyri-adi bir addım yoxdur. Biz vətənə olan borcumuzu yerinə yetiririk”.

Sosial şəbəkədə “Neftçi”, “Xəzər Lənkəran” və “Şəmkir”in sabiq futbolçusu Mehman Yunusovun deputat Rəşad Mahmudovun forması ilə çıxmasına gəlincə, yeddiqat Azərbaycan çempionumuz buna belə münasibət göstərib:

“O, Latviya ilə ilk oyunda çıxış etməmişdi. Yalnız final matçında oynadı. Onun niyə başqa forma ilə çıxış etdiyini bilmirəm. Öz adımdan deyə bilərəm ki, mənim formamın arxasında öz soyadım yazılmışdı. Bunu mən göstərə də bilərəm”.

Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com