Hüseyn Məmmədov: “Türk dövlətlərində təsdiqlənmiş sənədlər qarşılıqlı şəkildə
sadələşdiriləcək”
“Türk dövlətlərində təsdiqlənmiş sənədin digər ölkələrdə mümkün qədər
sadələşdirilməsi və bunun üçün də rəqəmsal inteqrasiyanın aparılması nəzərdə
tutulur”.
Bunu Türk Dünyası Notariat Birliyinin qurulması ilə əlaqədar keçirilən
tədbirdə “Report”a açıqlamasında Azərbaycan Notariat Palatasının İdarə
Heyətinin sədri Hüseyn Məmmədov bildirib.
“Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan ölkələrin notariat qurumlarının
birgə imzaladıqları anlaşma memorandumu dövlətlər arasında notariat
əməliyyatlarının səmərəliliyinin artırılmasına xidmət edəcək”, – o vurğulayıb.
H.Məmmədov deyib ki, Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızstan və
Özbəkistanın notariat birliklərinin birgə imzaladıqları sənəd bu dövlətlərin
müvafiq qurumlarının fəaliyyətlərinin əlaqələndirilməsinə, qanunvericiliklə
notariata dair məsələlərin tətbiqinə töhfə verəcək:
“Bununla TDT üzv olan ölkələr daxilində hüquqi əlaqələrin yaxınlaşmasına,
eləcə də vətəndaşlarımıza hüquqi xidmət səviyyəsinin artırılmasına imkan
yaranacaq. Bu sahədə təcrübə mübadiləsi ilə də əməkdaşlığımızı
genişləndirəcəyik. Gələcəkdə bir türk dövlətində təsdiqlənmiş sənədin digər
ölkədə mümkün qədər sadələşdirilməsi və bunun üçün də rəqəmsal inteqrasiyanın
aparılması nəzərdə tutulur”.
H.Məmmədov onu da qeyd edib ki, TDT-də müşahidəçi olan Türkmənistan,
Macarıstan və Şimali Kipr Türk Respublikasının da gələcəkdə prosesə cəlb
olunması mümkündür.