Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.
ÇıxışYolu.Com-a DİM-dən verilən xəbərə görə, imtahan Respublikanın 11 şəhərində – Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 62 binada aparılıb.
İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, abituriyentlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
Dəfələrlə xəbərdarlıq edildiyinə baxmayaraq, bəzi abituriyentlər tələb olunan sənədləri özləri ilə gətirmədikləri üçün imtahana buraxılmayıblar. Bundan əlavə imtahana köməkçi vasitələr, o cümlədən mobil telefon gətirən, imtahanın gedişi zamanı köçürməyə cəhd edən, imtahan qaydalarına zidd hərəkətlərə yol verən abituriyentlər imtahandan xaric olunub və nəticələri ləğv edilib.
Bu gün “Space” telekanalında canlı yayımlanacaq “Abituriyent” verilişində DİM-in məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları DİM-in internet saytında və Facebook səhifəsində də yerləşdiriləcək.
Mayın 21-dən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. İmtahan nəticələrinin yaxın 3-4 gün ərzində elan edilməsi nəzərdə tutulur.
08.53
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün 2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirir.
ÇıxışYolu.Com-a DİM-dən verilən xəbərə görə, imtahan Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 62 binada aparılacaq.
İmtahanda 33 139 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 28 055 abituriyent I qrup üzrə, 5084 abituriyent IV qrup üzrə imtahan verir.
İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.
Abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri imtahandan 3-4 gün sonra DİM-in internet saytında yerləşdiriləcək.