8ab32847-336a-438a-abb0-9fc1877340a7.jpg

“İblis və…”nin premyerasından qeydlər

Baxış sayı: 235 dəfə baxılıb.

Bu günlərdə “İblis və..” tamaşasının premyerası oldu. Azərbaycan Dövlət
Akademik Milli Dram Teatrının səhnəsində tüğyan edən “İblis”in ilk fırtınası
Sankt-Peterburqda Aleksandrinski Teatrında görünmüşdü. Rusiyada tamaşa böyük
əks-sədaya səbəb olmuşdu.

Hüseyn Cavidin “İblis” əsəri əsasında səhnəyə qoyulan tamaşa ilk dəfə 1920-ci
il dekabrın 21-də Azərbaycan Dövlət Teatrında (İndiki Azərbaycan Dövlət
Akademik Milli Dram Teatrında) səhnələşdirilib və bu, Azərbaycanın teatr həyatı
üçün böyük hadisə idi.

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Cavidin “İblis”i bütün “İblis”lərin fövqündədir

Avropa fəlsəfəsini, mədəniyyətini, həmçinin yunan mifologiyasını yaxşı bilən
Hüseyn Cavidin “İblis”i ona qədər və ondan sonra yaradılan bütün İblis
obrazların fövqündə dayanır, desək, yəqin ki, yanılmarıq. Çünki onun “İblis”i
fövqəlbəşərdir, dağıdıcı, qəddar, dondan-dona girən, daha hiyləgər və məqsədinə
çatmaq üçün hər cür mənfur vasitədən istifadə edən məxluqdur. Onun zərrə qədər
rəhmi yoxdur. Cavid əsər boyu insan xarakterinin hər iki tərəfini – mərhəmət və
qəddarlığını müqayisəli şəkildə qələmə alıb. Bu cür əsərin səhnələşdirilməsi,
əlbəttə ki, rejissordan böyük məharət, ustalıq, Cavid yaradıcılığına və ruhuna,
həmçinin insan psixologiyasına bələdlik tələb edir. Əməkdar incəsənət xadimi,
dövlət mükafatı laureatı Mehriban Ələkbərzadə də bunun öhdəsindən artıqlaması
ilə gəlib.

Teatr tariximiz üçün yeni hadisə

Bu gün də “İblis” pyesinin motivləri əsasında Mehriban Ələkbərzadənin
quruluşunda yenidən həyat qazanan “İblis və…” fəlsəfi-dekonstruktiv metadramı
Azərbaycan teatr tarixi üçün yeni hadisə idi. “İblis və…” tamaşası klassika
və müasirliyin uğurlu sintezidir. Bu sintezlə İblis və ətrafındakıların gərgin
mübarizəsi parlaq tonlarla təzahürünü tapa bilib.

“İblis” və “Arif” obrazlarının dinamikası

İblis obrazının ifaçısı hamımıza “Bəxt üzüyü”ndən yaxşı tanış olan Ayşad
Məmmədov idi (dublyoru Anar Heybətov). Aktyorun rolun uğurlu alınması üçün sərf
etdiyi enerji tamaşaçı zalının ən uzaq yerlərində belə hiss edilirdi. Əhvalına,
çatdırdığı mesaja uyğun səs tonu və mimikalarının dəyişməsi əla idi. O ki qaldı
Mehriban xanımın göstərdiyi “İblis”lə Cavidin “İblis”inin fərqinə, tamaşadakı
iblis daha qəddar, daha məkrli, müasir idi.

Arifi canlandıran Murad İsmayıl idi ki, xüsusilə bu rol üçün Akademik Rus Dram
Teatrından dəvət almışdı. “Əli və Nino”da Əli, “Aydın”da Dövlət bəy obrazlarını
böyük məharətlə ərsəyə gətirən, qısa müddətdə tamaşaya qoşulan aktyorun
əziyyəti nəticəsiz qalmayıb. Murad 11 məşqə Arifin ruhunu, psixoloji
gərginliyi, mübarizəni maksimum ötürə bilib. Qeyd edək ki, aktyor “Müsyo
İbrahim və Quran çiçəyi”ndə Fuad Poladovla oynadığı son roldan sonra ilk dəfə
yeddi ildən sonra “Azdrama”nın səhnəsində görünürdü.

“Rəna”, “Elxan” və “Xavər”in fərqli performansı

“Rəna” obrazını da qeyd etmək yerinə düşər. Obrazı Vəfa Zeynalova canlandırıb.
Onun geyimi xüsusilə diqqəti çəkirdi. Bu, Rəna da orijinaldakı türk şəfqət
həmşirəsi Rənadan yaxşı mənada, çox fərqlənir. Sanki daha dəli-dolu, atasının
qatilini tapmaqdan ötrü özünü oda vuran, gözündə qorxu olmayan bir xanımdır.
Enerjili və bugünkü cəmiyyətə daha uyğun xarakterdir.

Elşən Rüstəmovun Elxanı da təqdirəlayiqdir. Aktyor möhtəşəm performansını bu
obraz üzərində də peşəkarcasına tətbiq edib. Səs tonu, hərəkətləri, səhnəni və
tamaşaçını tam ələ alaraq hiss etməsi təkrarsız idi.

Gənclərdən Lalə Süleymanovanın yaratdığı Xavərin səhnədəki plastikası,
çevikliyi, tərəf müqabilini son dərəcə həssaslıqla hiss etməsi də nəzərdən
qaçmır.

İşıq, səs və alqışlar…

Tamaşanın dekorunda, işıqlarında və aktyorların geyimlərində qara, ağ və
qırmızı rənglər üstünlük təşkil edirdi. Məlumdur ki, qara soyuq, qəmli rəng
hesab olunur və ağ rəngin, aydınlığın, işıq rəmzinin tam əksidir. Qırmızı həyat
rəngidir. Eyni zamanda fəallıq, enerji, dinamizm, güc, mətanət, əzm, həmçinin
məhəbbət, ehtiras və qəzəb rəmzidir. Hüseyn Cavidin “İblis”i də məhz bütün
bunların cəmidir ki, səhnədə də həmin rəngli işıqların vəhdəti vasitəsilə
aktyor oyunu və rejissor quruluşunun üstündə sanki bir qüvvətverici amildir.

Tamaşanın musiqisi də qeyd olunmalıdır. Milli ruhda olan musiqilər, xüsusilə
də tarın heyrətamiz ifası sanki səhnələri tamamlayır.

Tamaşanın sonunda səslənən alqışlar

Tamaşa uğurlu alınıb, desək, yanılmarıq. Ümumiyyətlə, Mehriban xanımın hər bir
işi yaxşı mənada təəccübləndirir və teatr səhnəmizin əmin əllərdə olduğuna
inandırır. Mehriban xanım rejissor olaraq insan psixologiyasına, təbiətinə
yaxşı bələddir və onu aktyor vasitəsilə tam enerji ilə peşəkarcasına ötürə
bilir.

Tamaşanın sonunda səslənən alqışlar da onun necə alınmasından xəbər verir.
Təzimə çıxan aktyor heyəti və rejissor xanımın şərəfinə təşəkkür üçün ayağa
qalxan tamaşaçıların nə alqışları bitdi, nə də gül çələnglərinin ardı-arası
kəsildi.

Source link