dc0160df-d91a-4fce-a537-53186f6eec3e..jpg

İcarəyə maşın götürdü, fındıq oğurladı – Həbsxanaya getdi

Baxış sayı: 1. 096 dəfə baxılıb.

İcarəyə maşın götürdü, fındıq oğurladı – Həbsxanaya getdi

“Rent a car” şirkətindən icarəyə götürdüyü “Chevrolet Cruze” markalı
avtomobillə xalasının qonşusunun evindən fındıq oğurlayan şəxslə bağlı məhkəmə
qərar verib.

“Qaynarinfo” xəbər verir ki, 2000-ci ildə Balakən rayonu, Qazma kəndində
anadan olan Zabil (şərti ad) həyat yoldaşı və uşaqları ilə birlikdə 2018-ci
ildən Bakıda yaşayıb və burada çalışıb. O, “rent a car” şirkətindən “Chevrolet
Cruze” markalı avtomobil icarəyə götürərək, həyat yoldaşı və azyaşlı uşağı ilə
birlikdə doğulduğu Qazma kəndində yaşayan nənəsini və əmisini ziyarətə gedib.

O, rayonda xalası Rənaya da baş çəkmək istəyib və hər şey bundan sonra
başlayıb. Belə ki, xalasıgilə gəldikdən sonra qonşu həyətin qapısında qıfıl
olduğunu görüb, həmin evdə heç kimin olmadığını başa düşüb və oradan oğurluq
etmək qərarına gəlib. Evin mətbəxinin pəncərəsindən içəri daxil olarkən yerə
sərilmiş vəziyyətdə fındıq olduğunu görüb. O, fındığı 3 sintetik kisəyə
doldurub, mətbəxdə gördüyü “Samsung S4” markalı telefonu və üzərində dollar
şəkli olan daxılı (içərisində 20 manatdan çox qəpiklər olub) götürüb.

Zabil oğurladığı fındığı icarəyə götürdüyü avtomobilə yükləyib və Balakən
şəhər bazarına yollanıb. Bazarda 150 kq olan fındığı satıb. Daha sonra
ərazidəki yanacaqdoldurma məntəqəsində evdən oğurladığı qəpiklərlə maşına
benzin vurub. “Samsung S4” markalı telefonu isə Bakı şəhərinə çatdıqdan iki gün
sonra metronun “Neftçilər” stansiyasının yanındakı telefon mağazalarının birinə
25 manata satıb.

Məhkəmə onunla bağlı yanvarın 11-də qərar verib. Qərara əsasən,
təqsirləndirilən şəxs 1 il 5 ay 26 gün müddətinə azadlıqdan məhrum edilib.

Source link