İcbari tibbi sığortada müştərək maliyyələşmə məbləğinin 2025-ci ilədək təxirə
salınması təklif edilir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Tibbi sığorta haqqında” qanun layihəsində icbari tibbi sığortada müştərək
maliyyələşmə məbləğinin tətbiqinin 2025-ci ilədək təxirə salınması təklif
edilib.
Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə
əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova deyib.
O bildirib ki, müştərək maliyyələşmə məbləğinin ambulator və stasionar tibbi
yardım xidmətləri üzrə müraciət zamanı göndəriş prosesi pozulduğu hallarda
tətbiq olunması nəzərdə tutulur.
Agentlik rəsmisi eyni zamanda vurğulayıb ki, icbari tibbi sığorta fondunun
vəsaiti hesabına tibbi sığorta xidmətlərinin göstərilməsinin daha 3 il
müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi təklif olunub: “2024-cü
il 1 yanvar tarixinə qədər olan möhlətin 2027-ci il 1 yanvar tarixinədək
artırılması “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi”ndə
nəzərdə tutulub. Layihə hazırda Milli Məclisdə ikinci oxunuşdadır”.