ICESCO-nun Baş direktoru: “COP29 iqlim dəyişikliyi ilə mübarizədə dönüş
nöqtəsi olacaq”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) iqlim dəyişikliyi
ilə mübarizədə dönüş nöqtəsi olacaq”.
Bunu “Report”a açıqlamasında İslam Dünyası Təhsil, Elm və Mədəniyyət
Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik deyib.
“COP çox mühüm hadisədir, çünki iqlim dəyişikliyi ciddi məsələdir.
Azərbaycanda və bir çox başqa ölkələrdə iqlimlə bağlı bir çox problemlər
yaranır. Problemlərə əvvəlcədən nəzər yetirməsək, iqlim dəyişikliyi ilə bağlı
həll yollarını tapmasaq, daha böyük təhlükələrlə üzləşəcəyik”, – o bildirib.
Onun sözlərinə görə, bütün bunlara görə müxtəlif ölkələrdən olan dövlət
başçılarının, siyasətçilərin, həmçinin BMT daxil olmaqla iqlim dəyişikliyi
məsələsinə önəm verən beynəlxalq təşkilatların nümayəndələrinin bir araya
gəlməsi çox vacibdir.
Baş direktor xatırladıb ki, COP29 bu il Azərbaycanda keçiriləcək:
“Prezident İlham Əliyev başda olmaqla Azərbaycan çox mühüm tədbirlər həyata
keçirir və COP29-a təkcə ölkənin özü üçün deyil, bütövlükdə dünya üçün mühüm
hadisələrdən biri kimi baxır. Odur ki, bu məsələdə dünyaya faydalı olacaq bəzi
tövsiyələr verəcəyik”.
Qeyd edək ki, bu ilin noyabrında Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası keçiriləcək.