aa62e207-f42f-41c8-bc2a-a69a3ce00052..jpg

“İçməli suyumuz qalmayıb, çox acınacaqlı vəziyyətdəyik” – ŞİKAYƏT + FOTO

Baxış sayı: 865 dəfə baxılıb.

“İçməli suyumuz qalmayıb, çox acınacaqlı vəziyyətdəyik” – ŞİKAYƏT + FOTO

“Xətaidə sakinlər su problemi ilə üzləşiblər”.

Bu barədə Cixisyolu.com-ın redaksiyasına Xətai rayonu General Əliağa Şıxlinski 37
küçəsinin sakiniİsmayıl Abdullazadə tərəfindən şikayət daxil olub.

Sakin bir həftədir binaya su verilmədiyini qeyd edib:

“Bir həftədir ki, su yoxdur. Ümumiyyətlə, bizdə su qrafiklə verilirdi. Səhər
saat 08:00-dan 10:00-a, axşam saat 20:00-dan 22:00-a qədər. Ümumilikdə 4 saat
su verilirdi. Ötən gün səhər su, ümumiyyətlə, verilmədi, axşam 1 saat verildi”.

Şikayətçi bununla bağlı aidiyyəti qurumlara müraciət etsə də, şikayətinə
baxılmadığını əlavə edib:

“Şikayət etmişik. Cavab vermirlər. Əvvəlcədən bizə heç bir məlumat verilməyib.
Təkcə bu problem bizdə deyil. 9 mərtəbəli binanın 10 blokunda bu problem
yaşanır. Xəbərdarlıq edilsəydi, ən azından ehtiyatımızı tutardıq. Yayda daha
çətin olacaq”.

İ.Abdullazadə içməli su aldıqlarını söyləyib:

“İçməli suyun yoxluğundan əziyyət çəkirik. Çarə su almaqdır. Başqa variantımız
yoxdur. Qonşular bir-birimizdən su daşıyırıq. Əl-üz yumağa suyumuz yoxdur. Çox
acınacaqlı vəziyyətdəyik”.

“Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı Cixisyolu.com-ın sorğusuna cavab
olaraq bildirib ki, şənbə günü Ceyranbatan-Binəqədi magistral su kəmərində qəza
baş verib:

“Yalan məlumatdır. Şənbə günü problem olmuşdu. Təmir işləri ilə əlaqədar
kəmərə su verilməsini dayandırmışdıq. Mərkəzi anbarlarda suyun səviyyəsi
azalmışdı. Məhəllə daxili anbarlarda da eyni hal müşahidə olunurdu. Bu da
Əhmədli, Köhnə və Yeni Günəşli qəsəbələrində suyun həcminin azalmasına gətirib
çıxardı. Bəzi ünvanlarda suyun verilməsi dayandırıldı”.

A.Cəbrayıllı artıq problemin həll olunduğu qeyd edib:

“Tam bərpa olunub. Əvvəlki qrafik rejimləri ilə suyun verilməsi təmin
olunacaq. Anbarlarda su ehtiyatı toplanır. Su əvvəlki kimi, səhər-axşam
qrafiklə veriləcək”. `

Nəzrin Vahid

Source link