İcma: “BMT-nin xüsusi məruzəçisi kobud səhvini düzəltməlidir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“BMT-nin mədəni hüquqlar üzrə xüsusi məruzəçisi Aleksandra Xantaki guya
“Qarabağda erməni mədəni irsinin dağıdılması” barədə cəfəng iddialarla çıxış
edib”.
Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında qeyd olunub.
“İlk öncə vurğulamaq istərdik ki, xüsusi məruzəçinin məktubunun başdan-başa
anti-Azərbaycan xarakter daşıyan məzmunu, tonu və erməni diplomatlarının dərhal
onu sevinclə paylaşması məktubun Ermənistan Xarici İşlər Nazirliyində
yazıldığını deməyə əsas verir.
Xüsusi məruzəçinin Azərbaycanın suverenliyini təhdid edən iddialarını kəskin
şəkildə pisləyir və qətiyyətlə rədd edirik.
Xüsusi məruzəçinin “Dağlıq Qarabağ”, “Mardakert”, “Karmir Şuka”, “Xramort”
kimi qondarma toponimlərdən istifadə etməsi də yolverilməzdir. BMT-nin xüsusi
məruzəçisi qoy gedib elə BMT-nin özünün məhz ölkələrin təqdim etdiyi
toponimlərdən istifadə edilməsinin vacibliyinə dair sənədləri ilə tanış olsun.
“Ermənilərin Laçından deportasiyası”ndan danışan BMT-nin xüsusi məruzəçisinin
beynəlxalq hüquqa qarşı hörmətsizliyi və ştatlı azərbaycanofoba çevrilməsi,
zavallı duruma düşməsi acınacaqlıdır. Bu məktub BMT-nin özünü gözdən salır.
Təəssüflə bildiririk ki, Azərbaycan xalqının həm Ermənistanda, həm də vaxtilə
işğal edilmiş ərazilərdə tarixi və mədəni irsinin dağıdılmasına BMT, UNESCO
tərəfindən reaksiya verilməmiş, susqunluq nümayiş etdirilib.
Sən demə, xüsusi məruzəçi həm də Qafqaz Albaniyası ilə bağlı mütəxəssis imiş
və udi icmasının Qarabağda dini ocaqları ziyarət etməsi onun yaman xətrinə
dəyib.
Xüsusi məruzəçi İrəvanda Göy Məscidin “Azərbaycan irsi”olmadığını bildirir.
Ümumiyyətlə, A.Xantakinin bu cəfəng iddialarla məqsədinin nə olduğu bilinmir.
Əgər A.Xantakinin məqsədi “erməni irsi”dirsə, onda onun Göy Məscidlə nə işi
var!”, – İcmadan bildirilib.
Xüsusi məruzəçi həm də qəsdən Qərbi Azərbaycan İcmasının fəaliyyətini təhrif
edib: “Xüsusi məruzəçi öz kobud səhvini düzəltməli və Azərbaycan xalqının
mədəni irsinin Ermənistan tərəfindən məhv edilməsinə münasibət bildirməli və
bununla bağlı Ermənistan hökuməti ilə təmasa keçməlidir. Əks təqdirdə onun
etnik və dini simpatiya əsasında fəaliyyət göstərməsi və azərbaycanofob olması
tam sübut olunacaq.
Ümumiyyətlə, belə təəssürat yaranır ki, A.Xantakinin belə qərəzli olmasının
səbəblərindən biri də onun Yunanıstandan olmasıdır. Xüsusi məruzəçini mandatına
uyğun olaraq müstəqil və qərəzsiz şəkildə fəaliyyət göstərməyi, Azərbaycana
qarşı düşük iddialara son qoymasını tələb edirik”, – İcmadan əlavə olunub.