64873b48-e9c2-4a96-b698-90630a101710..jpg

İcma: Ermənistan öz ordusunun qalıqlarını Azərbaycanın suveren ərazisindən çıxarmalıdır

Baxış sayı: 546 dəfə baxılıb.

İcma: Ermənistan öz ordusunun qalıqlarını Azərbaycanın suveren ərazisindən
çıxarmalıdır

Rusiya Federasiyasının sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi
Azərbaycan ərazilərində qanunsuz şəkildə qalmaqda olan Ermənistan silahlı
qüvvələri 19 sentyabr 2023-cü il tarixində erkən saatlarda Xocavənd rayonunda
minalardan istifadə etməklə törətdiyi diversiya hücumları nəticəsində dördü
polis, ikisi mülki şəxs olmaqla altı nəfər azərbaycanlını qətlə yetirib. Erməni
hərbi birləşmələrinin, bundan əlavə, Azərbaycan Ordusunun mövqelərini atəşə
tutması nəticəsində iki nəfər hərbi qulluqçu yaralanıb.

Bu barədə Qərbi Azərbaycan İcmasının məlumatında qeyd olunub.

“Bütün bunlar Ermənistanın Azərbaycan ərazilərindən qoşunlarını tam çıxarmaq
öhdəliyini yerinə yetirməkdən imtina etməsi, separatizmi dəstəkləməsi,
Azərbaycanın reinteqrasiya səylərini sabotaj etməsi və Azərbaycana qarşı
beynəlxalq miqyasda kütləvi qarayaxma kampaniyası aparması kontekstində baş
verir. Açıq görünür ki, Ermənistanın hədəfi yenidən güc tətbiq etməklə
Azərbaycanın ərazilərini nəzarət altında saxlamaq və ərazi iddiasını davam
etdirməkdir.

Azərbaycan tərəfinin beynəlxalq hüququn norma və prinsipləri əsasında atdığı
ardıcıl addımlar Ermənistana sülhü və əməkdaşlığı seçmək imkanı yaratmışdı.
Təəssüf ki, Ermənistan irqçi monoetnik dövlətçilik və ərazi ekspansiyası
ideologiyasından əl çəkməyib və bir sıra bədnam havadarlarının fitnəsi ilə
növbəti dəfə təxribat yolunu seçib.

Bütün bunları nəzərə alaraq, Azərbaycan Ordusu Qarabağda Azərbaycanın
konstitusiya quruluşunun bərpası uğrunda lokal xarakterli antiterror
tədbirlərinə başlayıb.

Ermənistan hökuməti beynəlxalq hüquqa və öhdəliklərinə əməl etməli, öz
ordusunun qalıqlarını Azərbaycanın suveren ərazisindən çıxarmalı, qanunsuz
erməni silahlı dəstələri tərksilah edilməli və xunta rejimi ləğv edilməlidir.

Biz beynəlxalq ictimaiyyəti Ermənistanın monoetnik dövlətçilik və ərazi
ekspansiyası ideologiyasından əl çəkməsi, Azərbaycanın ərazi bütövlüyü və
suverenliyinə qarşı qəsdini dayandırması və Ermənistandan qovulmuş
azərbaycanlıların ləyaqətlə və təhlükəsiz şəkildə öz evlərinə qayıtmasına
şərait yaratması üçün bu dövlətə təzyiq etməyə çağırırıq”, – məlumatda
vurğulanır.

Source link