İcra başçısı tibb işçilərinə küçədəki tullantıları təmizlətdirdi – FOTO
Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov rayondan olan xanımları
“iməcilik” adı altına məcburi əməyə cəlb edib.
Bununla bağlı bir qrup şəhər sakini Demokrat.az-a şikayət göndərib.
Şikayətçilər iddia edirlər ki, martın 11-də İcra Hakimiyyəti rəhbərliyinin
tapşırığı ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının tibbi heyəti də daxil
olmaqla, rayonda çalışan qadınlara “ümumşəhər iməciliyinin keçirilməsi” adı
altında məcburi şəkildə küçələr təmizlətdirilib.
Məlumata görə, iməciliyə çıxan qadınlara Şirvan şəhər İcra Hakimiyyəti
rəsmilərinin müşayiəti ilə yol kənarlarındakı tullantılar və səkilər
təmizlətdirilib, digər abadlıq işləri gördürülüb.
Sakinlərin sözlərinə görə, Şirvan şəhər İcra Hakimiyyəti rəhbərliyi texnika
ilə görülməsi nəzərdə tutulan işləri qanunsuz şəkildə şəhərdə çalışan xanımlara
gördürür.
Məsələ ilə bağlı Şirvan şəhər İcra Hakimiyyətindən telefon zənglərinə cavab
verilməyib.