8ed597b5-16d2-4825-af14-dc84d326580c.jpg

İcra başçısının həbsdə olan sabiq birinci müavini və şöbə müdirinin əmlakları geri qaytarıldı

Baxış sayı: 161 dəfə baxılıb.

Şirvan Apellyasiya Məhkəməsində Kürdəmir Rayon İcra Hakimiyyətinin (RİH) sabiq
başçısının birinci müavini olmuş Tacəddin Novruzov

və RİH Aparatının Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş
şöbəsinin eks-müdiri Natiq Kərimovun barəsindəki qərardan ailə üzvləri
tərəfindən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Pərviz Hacıyevin sədrliyi ilə
keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayətləri təmin edilib, Lənkəran Ağır Cinayətlər
Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli hökmü dəyişdirilib. Belə ki,
məhkəmənin hökmü ilə Tacəddin Novruzovun mülkiyyətində olan Kürdəmir rayonu,
Atakişili kəndində yerləşən fərdi yaşayış evinin ½ hissəsinin və Natiq
Kərimovun mülkiyyətində olan 41.5 kv.m qeyri-yaşayış binasının ½ hissəsinin
üzərinə qoyulmuş həbs götürülüb və həmin əmlakların ½ hissəsinin müsadirə
olunması ilə bağlı müddəalar hökmdən xaric olunub. Hökm apellyasiya
şikayətlərinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılıb.

Xatırladaq ki, RİH-in sabiq icra başçısı Ceyhun Cəfərov və rayonun digər
vəzifəli şəxsləri Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi
tərəfindən 2020-ci ilin avqust ayında keçirilən əməliyyatla həbs olunublar.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sabiq icra başçısı Ceyhun
Cəfərov, icra başçısının birinci müavini Tacəddin Novruzov və şöbə müdiri Natiq
Kərimov 8 il 6 ay, rayon mərkəzi xəstəxanasının direktoru Eynulla Novruzov,
həmin xəstəxananın baş həkimi Məhəmməd Musayev, rayon təhsil şöbəsinin müdiri
Mətləb Allahverdiyev, təhsil şöbəsinin baş mühasibi Rəcəb Hüseynov 8 il üç ay,
Yaşıllaşdırma İdarəsinin rəisi Emin Sadıqov 4 il, Mənzil İstismar Sahəsinin
rəisi Sərvər Məmmədov 2 il 6 ay azadlıqdan məhrum ediliblər. Kommunal
Müəssisələr Kombinatının direktoru Məhəmmədəli Surxayev isə 3 il müddətinə
azadlığın məhdudlaşdırılması şərti ilə 2 min manat cərimə olunub. Sonradan
Şirvan Apellyasiya Məhkəməsi hökmü dəyişib. Qərara əsasən, Ceyhun Cəfərovun
cəzası 6 ilə endirilib.

Bundan başqa, sabiq icra başçısı ilə birgə tutulan İH başçısının birinci
müavini Tacəddin Novruzov və şöbə müdiri Natiq Kərimovun cəzası 5 il 10 aya,
rayon mərkəzi xəstəxanasının direktoru Eynulla Novruzov, həmin xəstəxananın baş
həkimi Məhəmməd Musayev, rayon təhsil şöbəsinin müdiri Mətləb Allahverdiyev,
təhsil şöbəsinin baş mühasibi Rəcəb Hüseynovun cəzası 5 il 6 aya, Yaşıllaşdırma
İdarəsinin rəisi Emin Sadıqovun cəzası isə 2 ilə endirilib. Ali Məhkəmə isə
Ceyhun Cəfərovun cəzasını 4 il 6 aya endirib. Bir neçə gün əvvəl isə məhkəmənin
qərarı ilə Ceyhun Cəfərov məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülüb. Xəzər
Rayon Məhkəməsinin qərarına əsasən, Məhəmməd Musayevin cəza müddətinin 2/3
hissəsini çəkməsini nəzərə alaraq qalan 1 il 4 ay cəzadan şərti olaraq azad
edilib.

Source link