İcra başçısının qardaşı oğlu: “Anamı qan içində görəndən sonra atamı öldürməyə
qərar verdim”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ötən ilin yayında Kürdəmirin Pirəköcə kəndində atasını ov tüfəngi ilə öldürən
24 yaşlı Azay Qaraşova 1 ay əvvəl 10 il həbs cəzası verildi. Lakin hadisənin
dəqiq necə və hansı səbəbdən baş verməsi barədə nə ilkin istintaq, nə də
məhkəmə dövründə məlumat yayılmasına imkan verildi. İşə baxan hakimlər belə
qənaətə gəlmişdilər ki, məhkəmə baxışı media üçün qapalı keçirilməlidir.
Yayılan məlumat isə sadəcə bu oldu: “Azay Qaraşov atasını öldürməkdə təqsirli
bilinərək 10 il azadlıqdan məhrum edildi”.
“Qafqazinfo” ailə faciəsinin necə baş verdiyi ilə bağlı bəzi detalları əldə
edib.
Münaqişəli ailə, narkotik, qisas…
İstintaq materiallarında yazılıb ki, mərhum Azər Qaraşov ailəsi ilə uzun
müddət konfliktdə olub. O, mütəmadi olaraq xüsusilə həyat yoldaşına şiddət
göstərib, müxtəlif səbəblər gətirərək onu döyüb. Oğlu Azay isə təsdiq edib ki,
atası eyni rəftarı özü də daxil olmaqla övladlarına da göstərib.
Ailədaxili gərgin münasibətdən polis də məlumatlı olub. Bu səbəbdən münaqişəli
ailə kimi qeydiyyata alınan ailənin başçısı Azər Qaraşovun sonradan ölümünə
səbəb olacaq ov tüfəngi rəsmi qaydada əlindən alınıb. Lakin mərhum Qaraşov bir
müddət sonra həmin silahı qohumunun adına rəsmiləşdirərək yenidən ələ keçirib.
“Tez özünü çatdır, atamla anam yenə savaşır, anamı öldürür”
Cinayət hadisəsi təxminən saat 17 radələrində baş verib. Hadisənin baş
verməsinə gətirib çıxaran sonuncu səbəb isə mərhum A.Qaraşovun mətbəxdə ev
işləri görən arvadı Nurcahan Qaraşovanı səbəbsiz yerə döşəməsilən taxta ilə
döyməsi olub. Anasının üzünün qan içində olduğunu görən qızı “Azay, tez özünü
çatdır, atamla anam yenə savaşır, anamı öldürür” qışqıraraq qardaşını köməyə
çağırıb.
Həmin vaxt otaqda uzanıqlı vəziyyətdə olan Azay tez ayağa qalxaraq mətbəxə
qaçıb. Otaqdan çıxarkən dəhlizdə anasını qan içində görən 18 yaşlı Azay
atasından qisas almalı olduğunu düşünüb. O, dərhal otağına qayıdıb, atasından
təmizləmək üçün aldığı ov tüfəngini götürərək qonaq otağına gedib. Atası otağa
daxil olan vaxt Azay tez silahın qoruyucusunu açaraq ona atəş açıb. İlk atəş
ata Qaraşovun dirsək nahiyəsindən dəyib, o yaralı halda qaçmaq istəyib.
Amma qərarında qəti olan Azay yerə yıxılmış atasının ölmədiyini görüb ona
tərəf daha 3 atəş açıb. Həmin atəşlərdən ikisi zərərçəkmişə, biri isə evin
qapısına dəyib. Ağır xəsarət alan Qaraşov arvadının və uşaqlarının yanında
vəfat edib.
Anası oğlunun əməlinə ağlayaraq “Azay, sən nə etdin?!” deyə reaksiya versə də,
artıq gec olub.
İstintaq zamanı başqa bir məsələ də ortaya çıxıb. Məlum olub ki, mərhum Azər
Qaraşov öldürüldüyü gün narkotik vasitənin təsiri altında olub. Bu fakt ekspert
rəyi ilə təsdiqini tapıb.
Məhkəmə istintaqı dövründə müttəhim Qaraşov özünü tam təqsirli bildiyini
deyib. Oğul Qaraşov etiraf edib ki, həmin gün ilk olaraq atasını qorxutmaq
istəyib, lakin ani olaraq atasının əvvəllər onu, anasını və bacısını dəfələrlə
döydüyünü, əsasən də anasını daim incitdiyini, həmişə onlara qarşı sərt və
qəddar davranışlarını, həyatlarını dözülməz vəziyyətə saldığını, hətta bir neçə
dəfə onları ölümlə hədələdiyini və bunun davam edəcəyini ağlına gətirərək
qorxutmaq yox, öldürmək qərarına gəlib.
Azayın anası və bacısı da məhkəmədə bənzər şeyləri danışıblar. Onlar da
hadisənin baş verməsinə gətirib çıxaran səbəbin mərhumun davranışları ilə bağlı
olduğunu deyiblər.
Azər Qaraşovun ittiham olunduğu Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam
öldürmə) maddəsinin sanksiyasında 9 ildən 14 ilə kimi azadlıqdan məhrumetmə
cəzası nəzərdə tutulur. Məhkəmə müttəhimin gənc olmasını, əvvəllər cinayət
törətməməsini nəzərə alaraq onu 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum
edib.
Qeyd edək ki, qətlə yetirilən Azər Qaraşov Lənkəranın icra başçısı Taleh
Qaraşovun qardaşıdır. Azər Qaraşov özü isə Kürdəmirdə müxtəlif vəzifələrdə, son
olaraq Kürdəmir Rayon Mədəniyyət İdarəsində çalışıb.