İcra başçısının sabiq köməkçisinin hökmündən protest verildi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Göyçayın sabiq icra başçısının köməkçisi Vahid İsayevin barəsindəki hökmdən
kassasiya protesti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Şahin
Yusifovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclası noyabrın
21-nə təyin edilib.
Qeyd edək ki, Vahid İsayev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə
Baş İdarəsi tərəfindən həbs olunub. Ona qarşı ilk olaraq Cinayət Məcəlləsinin
311.3.1 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən
törədildikdə) və 311.3.4 (rüşvət alma hədə-qorxu tətbiq olunmaqla törədildikdə)
və 312.2 (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb.
Sabiq icra nümayəndəsi barəsində ilk olaraq həbs qətimkan tədbiri seçilib, 40
gün sonra ev dustaqlığına buraxılıb. İbtidai araşdırmanın sonunda
təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma)
maddəsindən 178-ci( dələduzluq) maddəsinə tövsif edilib.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vahid İsayevə Cinayət Məcəlləsinin
178 (dələduzluq) maddəsi ilə irəli sürülmüş ittihama xitam verilib. O, eyni
məcəllənin 312.2 (rüşvət verməyə təhrik etmə) maddəsi ilə təqsirli bilinərək 4
il müddətinə azadlıqdan məhrum edilib. Şəki Apellyasiya Məhkəməsinin hakimlər
heyəti Vahid İsayevə qarşı irəli sürülmüş ittihamların əsassız olduğu, kifayət
qədər dəlil və sübutlarla təsdiqini tapmadığı qənaətinə gəlib. Qərara əsasən,
Vahid İsayevə bəraət verilib. O, məhkəmə zalından azadlığa buraxılıb. Vahid
İsayevlə birgə həbs olunmuş Göyçay Rayon İcra Hakimiyyəti başçısının şəhər
inzibati ərazi dairəsi üzrə sabiq nümayəndəsi Rəşad Şükürova bir müddət əvvəl
şərti cəza verilib. Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə cinayət işinə
bəraətverici əsaslarla xitam verilib.
Xatırladaq ki, Vahid İsayev 15 il ərzində Göyçayda beş icra başçısının, o
cümlədən Mehdi Səlimzadənin köməkçisi vəzifəsində çalışıb.