İdlib razılaşmasının vaxtı bitdi: Regionu nə gözləyir?

Baxış sayı: 3. 376 dəfə baxılıb.

İdlib razılaşmasının vaxtı bitdi: Regionu nə gözləyir?

Türkiyə və Rusiya prezidentlərinin Suriyanın İdlib şəhərinə görə razılaşması oktyabrın 15-də bitib.

Politoloq Elxan Şahinoğlu məsələ ilə bağlı ÇıxışYolu.Com-a bildirib ki, bu anlaşmaya əsasən, Türkiyə İdlibdə oktyabrın 15-nə qədər iki mühüm vəzifənin yerinə yetirilməsini təmin etməli idi.

“Birincisi, bu şəhərdən ağır hərbi texnika çıxarılmalı, ikincisi, silahlı müxalifətlə terrorçuları bir-birindən ayırmalı idi. Ankara bacardığını edir, ağır texnikanın böyük hissəsi şəhərdən çıxarılıb, ancaq terrorçuların təslimatı hələ ləng gedir”, – o deyib.

Onun sözlərinə görə, İdlib terrorçuların Suriyadakı ən böyük son qalasıdır, bu qalanı əldən vermək istəmirlər.


“Bu vəziyyəti fürsət bilən Bəşər Əsəd rejimi haray-həşir salıb ki, bəs vaxt bitib, ancaq İdlib hələ də terrorçuların əlindədir, ona görə hücum haqqında düşünmək lazımdır. Bəşər Əsəd rejiminin məqsədi bəllidir, Rusiya ilə Türkiyəni toqquşdurmaq və bundan öz məqsədləri üçün istifadə etmək istəyir. 

Moskva hələlik müttəfiqi Əsədin oyununa gəlmir, bildirir ki, İdlibin tərksilahı ilə bağlı bir müddət də gözləyə bilər”, – müsahibimiz əlavə edib. 

E.Şahinoğlu qeyd edib ki, Ankara yaxın müddətdə İdlibin danışıqlar yolu ilə tərksilahına nail olmasa, Rusiyanın səbri tükənməyə başlayacaq və Türkiyə-Rusiya tərəfdaşlığı çat verməyə başlayacaq. 

“Oyunu pozmaq istəyən yalnız Əsəd deyil. Suriyadakı radikal qrupları dəstəkləyən Səudiyyə Ərəbistanı da İdlibin təslim olmasında maraqlı deyil. Elə ABŞ da çox istəyərdi ki, İdlib məsələsində Türkiyə-Rusiya işbirliyi alınmasın”, – ekspert əlavə edib. 

Ə.Ş.
www.ÇıxışYolu.Com