Bu gün Bakıda Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib.
ÇıxışYolu.Com xəbər verir ki, mərasim “Gimnastika – gələcəyin səsi” şüarı altında gimnastikanın bütün növlərinin birləşməsinə həsr olunub.
Məqsəd olaraq gənclər arasında sağlam həyat tərzinin təbliğatını seçmiş Azərbaycan Gimnastika Federasiyası açılış mərasimi vasitəsilə tamaşaçılara müraciət etməyi qərara alıb.
Mərasim Azərbaycan himninin bir çox beynəlxalq festivalların iştirakçısı, adı Azərbaycan gənc istedadlarının “Qızıl kitabı”na salınmış 12 yaşlı Fidan tərəfindən ifa olunması ilə başladı.
Daha sonra səhnə müxtəlif gimnastika elementləri nümayiş etdirən gimnastların öhdəsinə verildi. Bu çıxışlarla da turnirin ilk günü başa çatdı.
Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında İdman Gimnastikası üzrə Dünya Kubokuna start verilib.
Kişi və qadın idman gimnastları turnirin ilk iki günü təsnifat mərhələləri, son iki günü isə ayrı-ayrı alətlər üzrə finallarda öz güclərini sınayaraq, medallar uğrunda mübarizə aparacaqlar.
Azərbaycanı idman gimnastikası üzrə yarışlarda Murad Ağarzayev, Dariy Morozov və Teymur Bayramov, qadınlar arasında isə Marina Nekrasova, Mariya Smirnova və Yuliya İnşına təmsil edəcəklər.
Martın 15-dən 18-dək davam edəcək bu mötəbər yarışa Azərbaycan 3-cü ildir ki, ev sahibliyi edir.