İdmançımız Avropa çempionatında erməni rəqibinə qalib gələrək qızıl medal
qazanıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
28-30 oktyabr tarixlərində Litva Respublikasının Kaunas şəhərində Kudo idman
növü üzrə Avropa çempionatı keçirilib.
Cixisyolu.com xəbər verir ki, Azərbaycan Koşiki Karate-do Federasiyasının Kudo üzrə
yığma komandası da sözügedən çempionatda iştirak etmək məqsədilə federasiya
rəsmisi Vəliyulla Bünyatovun rəhbərliyi ilə 5 idmançı ilə (Vüsal Əliyev, Kənan
İsmayılzadə, Sevinc Mövsümzadə, Rəşad Quliyev, Elbrus Səmədov) bu turnirə
qatılıb.
Qeyd edək ki, Azərbaycan İdman İstedadları Akademiyasının (ASTA) maliyyə
dəstəyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və
“Azərbaycan Karate Federasiyası” İctimai Birliyinin təşkilati dəstəkləri ilə
yarışlara qatılaraq mötəbər qitə çempionatında yenidən yüksək nəticələr
göstərən idmançılarımız cari ilin may ayında Yaponiyanın Tokio şəhərində
keçirilmiş dünya çempionatında əldə olunmuş uğurların təsadüfi olmadığını, son
zamanlar federasiyanın dinamik inkişaf yolu ilə irəlilədiyini bir daha sübut
ediblər.
Çempionatda 13 iştirakçı dövlət yer alıb. Bolqarıstan, Litva, Gürcüstan,
Fransa, İtaliya, Ermənistan, Ukrayna, Malta, İngiltərə, Qırğızıstan, Estoniya
və İspaniya kimi dövlətlərdən olan idmançıların da qatıldıqları Avropa
çempionatının nəticələrinə əsasən idmançılarımız 3 qızıl və 1 gümüş medal
qazanaraq bu dəfə də çox böyük uğura imza atıblar.
Belə ki, idmançılarımızdan -270 kateqoriyasında çıxış edən Vüsal Əliyev
yarımfinalda Estoniya, final döyüşündə isə Litvadan olan idmançılara, -215
(U-19) kateqoriyasında çıxış edən Sevinc Mövsümzadə final döyüşündə Malta
idmançısına, -250 kateqoriyasında çıxış edən Elbrus Səmədov isə yarımfinalda
Fransa idmançısına, final döyüşündə isə Ermənistandan olan idmançıya inamla
qalib gələrək 1-ci yeri qazanıblar və qızıl medala layiq görülüblər. -230
(U-19) kateqoriyasında çıxış edən digər idmançımız Kənan İsmayılzadə isə
yarımfinal döyüşündə İngiltərədən olan idmançıdan üstün olmuş, yalnız finalda
Gürcüstan idmançısına məğlub olaraq gümüş medalla kifayətlənib.
İdmançılarımız tərəfindən qitə birinciliyində qazanılmış möhtəşəm qələbələrin
bütün türk dünyasında olduğu kimi, ölkəmizdə də Türkiyə Cümhuriyyətinin
yaranmasının 100 illiyinin qeyd edildiyi bayram günləri ərəfəsinə təsadüf
etməsi bizim üçün ikiqat sevindirici haldır və xalqlarımız arasında tarixən
mövcud olan dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinə
verilən bir töhfədir.
“İdmançılarımızın davamlı olaraq beynəlxalq arenalarda belə uğurlu nəticələr
əldə etmələrinə görə daim idmana və idmançılara böyük qayğı ilə yanaşan ölkə
başçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanİlham
Əliyevə dərin minnətdarlığımızı bildirir və əmin edirik ki, bundan sonra da
idmançılarımız qalib ölkəmizin idman şərəfini hər zaman layiqincə qoruyaraq
yüksək nailiyyətlər əldə etmək üçün böyük əzmlə çalışacaqlar. Bu arada əlbəttə
idmançılarımızın yarışlara lazımi səviyyədə hazırlığında Azərbaycan Koşıki
Karate-do Federasiyasının Fəxri prezidenti Adnan Əhmədzadənin, federasiyanın
prezidenti Rafael Bunyatovun, vitse-prezident Vəliyulla Bünyatovun və yığmanın
baş məşqçisi Nazim Mövsümzadənin əvəzsiz xidmətlərini də qeyd etmək yerinə
düşər.
Bundan əlavə federasiya rəhbərliyi adından bu cür mötəbər yarışlarda iştirak
üçün bizə daim köməklik göstərən, diqqət və qayğılarını bizdən əsirgəməyən
Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbova və
“Azərbaycan Karate Federasiyası” İctimai Birliyinin prezidenti Ülvi Quliyevə öz
təşəkkürümüzü və ehtiramımızı bildiririk.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin digər sahələrlə yanaşı
idman sahəsinə də misilsiz diqqət və qayğısı onu göstərir ki, ölkəmizdə bütün
idman növləri bundan sonra da uğurla inkişaf edəcək və idmançılarımız mötəbər
beynəlxalq yarışlarda davamlı olaraq böyük müvəffəqiyyətlər qazanacaqlar”, –
deyə Koşiki Karate-do Federasiyası qeyd edib.