51e78821-c90c-42af-919e-0940b524b5b9..jpg

İdxal niyə artır?

Baxış sayı: 849 dəfə baxılıb.

İdxal niyə artır?

Pərviz Heydərov yazır…

Bu gün ölkədə makroiqtisadi dayanıqlıqda mühüm rol oynayan amillərdən biri də
xarici ticarətdi, yəni bu sahədə əməliyyatlarda müsbət saldodur, dəyər
nöqteyi-nəzərindən ixracın idxaldan üstün olmasıdır. Cari ilin yanvarında
Azərbaycan xarici ölkələrlə 3 milyard 289 milyon 500 min ABŞ dolları dəyərində
ticarət əməliyyatı aparıb ki, bu, 2022-ci ilin eyni dövrüylə müqayisədə 19%
azdır.

Lakin illik xarici ticarət dövriyyəsinin 1 milyard 876 milyon 800 min ABŞ
dolları ixracın, 1 milyard 412 milyon 700 min ABŞ dolları isə idxalın payına
düşdüyündən 464 milyon ABŞ dolları həcmində müsbət saldo yaranıb. Başqa sözlə
desəm, az qala yarım milyard dollar…

Bu, o deməkdir ki, valyuta gəlirlərimiz çoxdur – aldığımızdan çox satırıq.

Ancaq diqqəti cəlb edən bir məqam vardır. O da bundan ibarətdir ki, son bir
ildə ixrac 39,2% azaldığı halda, idxal 44,9% artıb. İdxalın artması diqqəti
bəlkə də o qədər cəlb etməzdi əgər, onun tərkibində yeyinti məhsullarının da
həcmi artmasa idi. Hansı ki, bu çox ciddi mənfi faktordur.

2023-cü ilin yanvar ayında Azərbaycana 169 milyon 761 min dollar dəyərində
yeyinti məhsulları idxal edilib ki, bu, 2022-ci ilin yanvar ayı ilə müqayisədə
19 milyon 905 min dollar və ya 13,3% çoxdur. Ötən ilin eyni ayında ölkəyə 149
milyon 856 min dollar dəyərində yeyinti məhsulları idxal edilmişdi. Doğrudur,
keçən ilin yanvarında bu rəqəm daha çox təşkil etmişdi – 35,6 %… Söhbət,
bunda deyil.

Məsələ ondadır ki, ümumi idxal hər il artmaqla tərkibində yeyinti
məhsullarının da həcmi artır. Buna görə də inflyasiyanı və daxili istehlak
bazarında bahalaşmanı kənar amillərin alovlandırdığını qeyd edirik. Bu
təbiidir, o səbəbdən ki, bahalaşma ilə inflyasiyanın sürətli və münbit
daşıyıcısı elə yeyinti məhsulları sayılır…

Odur ki, hesab edirəm, bu məsələ xüsusi diqqət tələb edir və nə qədər gec
deyil, nəzarətə götürülməlidir. İdxal olunan yeyinti məhsulları dedikdə söhbət,
ət, süd, qaymaq, kərə yağı və süddən hazırlanan digər yağlar, meyvə-tərəvəz,
çay, buğda, arpa, qarğıdalı, düyü, bitki-heyvan mənşəli piylər və yağlar kimi
məhsullardan gedir.

Cari ilin yanvarında ölkəyə, 4 milyon 882 min 720 manatlıq ət, 2 milyon 226
min 270 manatlıq süd və qaymaq, 5 milyon 789 min manatlıq kərə yağı və süddən
hazırlanmış digər yağlar, 19 milyon 845 min 690 manatlıq meyvə-tərəvəz, 5
milyon 946 min 230 manatlıq çay, 43 milyon 423 min 110 manatlıq buğda, 2 milyon
737 min 350 manatlıq qarğıdalı, 8 milyon 35 min 710 manatlıq düyü, 13 milyon 8
min 110 manatlıq bitki və heyvan mənşəli piylər və yağlar gətirilib.

Ümumən yeyinti məhsulları idxalda 12%-dən çox pay təşkil edir. Hələ bu
yaxşıdır. Keçən il qeyd olunan rəqəm 15,3% təşkil edirdi, 2021-ci ildə isə
14,3%… Rəqəmlərin aşağı və yuxarı doğru bu cür dəyişməsi ölkəyə idxal
həcminin ümumən hər il yüksəlməsiylə əlaqədardır. Qlobal iqtisadiyyatda yüksək
inflyasiya və bahalaşma tendensiyası fonunda isə bu, yerli istehsala təzyiqi
artırır.

Yuxarıda bir sıra ərzaq məhsulları üzrə dəyər nöqteyi-nəzərdən idxal həcmini
açıqladım. Bunların bəziləri üzrə idxal əməliyyatları azalıb və yaxud çoxalıb.
Əsas bu deyil. Əsas odur ki, adları çəkilən bəzi yeyinti məhsullarını görəsən,
biz nədən idxal edirik?! Məsələn, ətdir, süddür, meyvə-tərəvəzdir və sair,
bunları niyə kənardan gətiririk?

Ölkəmizə 2021-ci ildə 1 milyard 929 milyon 891 min dollar, 2022-ci ildə 2
milyard 363 milyon 142 min dollar dəyərində yeyinti məhsulları idxal edilib.
İqtisadiyyatda qeyri-neft-qaz sektorunun inkişafı prioritet seçildiyi halda,
idxal sözügedən sahə üzrə niyə artır?!

Bütün bu suallar ciddi açıqlama tələb edir. Real vəziyyət odur ki, idxal
artdıqca və genişləndikcə yerli istehsal daha çox zəifləyir. Üstəlik, aqrar
istehsal və tədarükün qarşısı getdikcə daha çox alınır.

Ümumiyyətlə, ötən yazımda da qeyd etdim ki, real olaraq hələ ki xarici
ticarətimizdə idxal ixracdan daha üstün, möhkəm özülə və struktura sahibdir. Bu
isə heç də qənaətbəxş vəziyyət deyil. Qeyri-neft sektorunun inkişafı sayəsində
bunun əksini təmin etməliyik.

Yeri gəlmişkən, yuxarıda qeyd etdim ki, xarici ölkələrlə 3 milyard 289 milyon
500 min ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb ki, 2022-ci ilin eyni
dövrüylə müqayisədə 19% azdır. Çünki ixrac son bir ildə 39,2% azalıb.

Ərzaq və yeyinti məhsulları üzrə idxal məhsullarının ölkə daxilinə getdikcə
daha çox gətirilməsinin qarşısı təcili surətdə alınmalıdır. Bunun üçünsə onu
stimullaşdırılan amillər müəyyən edilməli və aradan qaldırılmalıdır. Əks
təqdirdə, qeyri-neft sektorunun inkişafı ilə bağlı seçilmiş prioritet təhlükə
altına düşəcək.

Çünki onun əsas qolu aqrar sektor – kənd təsərrüfatı məhsulları istehsalı və
emalı sayılır. Adı çəkilən sektor isə artıq demək olar ki, təhlükə altındadır.

Source link