1adee448-fb16-404c-b7ce-b89c43b27395..jpg

İdxalın artması ətin qiymətini tənzimləyəcəkmi? – “Kaspi”nin ARAŞDIRMASI + FOTO

Baxış sayı: 578 dəfə baxılıb.

İdxalın artması ətin qiymətini tənzimləyəcəkmi? – “Kaspi”nin ARAŞDIRMASI + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkəmizdə əhalinin istehlak etdiyi qida məhsulları sırasında ən üstün
yerlərdən birini ət məhsulları tutur. Millət olaraq əti sevir, süfrələrimizi
daim ət yeməkləri ilə bəzəyirik. Lakin ət qiymətlərindəki artım istehlakçıları
məyus edir. İki ildir ki, ətin ucuzlaşmasını deyil, bahalaşmasını müşahidə
edirik. Bir neçə il öncə kiloqramına 11 manat verdiyimiz əti bu gün 15-18
manata alırıq.

“Kaspi” qəzeti mövzu
ilə bağlı məqalə dərc edib.

Ötən həftə Dövlət Gömrük Komitəsinin ölkəyə ət idxalı ilə bağlı açıqladığı
rəqəmlər ətsevərləri yenidən həyəcanlandırıb. Komitənin məlumatına görə, bu
ilin yanvar-oktyabr aylarında ölkəyə 35 milyon dollarlıq ət gətirilib. Yəni
Azərbaycan 34 min 860 ton ət idxal edib. Bu, həcm baxımından 2022-ci ilin
müvafiq dövrü ilə müqayisədə 1 054 ton, dəyər baxımından isə yeddi milyon 385
min ABŞ dolları çoxdur. Bundan öncə mütəxəssislər bahalaşmanın səbəblərindən
biri kimi ətə olan tələbatı göstərirdilər. Yəni tələb çox, istehsal az idi. Bəs
ölkəyə ət idxalının artması qiymətləri stabilləşdirə, ətin bahalaşmasının
qarşısını ala bilərmi?

İqtisadçı Fuad İbrahimov mövzu ilə bağlı bildirib ki, ətin bahalaşmasına təsir
edən ilk amil yem bazarındakı qiymət artımıdır:

“Hazırda Azərbaycan kənd təsərrüfatı sektorunda çoxşaxəli siyasət həyata
keçirir. Bu gün biz ət məhsullarını istehlak bazarına idxal ediriksə, deməli,
hazırda üzümçülüyə, pambıqçılığa, taxılçılığa daha çox önəm veririk. Bunlar
strateji məhsullar sırasına aiddir və ixrac potensialımızı yüksəldir. Ət
məhsullarının xaricdən gətirilməsini neqativ hal kimi qəbul edənlər də var.
Amma nəzərə almaq lazımdır ki, dünyada yem bazarında kifayət qədər bahalaşma
var. Hazırda ölkədə yem bazarının artırılması, onun qiymətlərinin ucuz olmasını
təmin etmək mümkün deyil. Buna görə də idxalı artırırıq”.

Mütəxəssisin sözlərinə görə, hazırda sahibkarlara əti idxal etmək daha
sərfəlidir, nəinki istehsal etmək:

“Nəzərə almaq lazımdır ki, heyvandarlıqla bağlı müəyyən məhsullar var ki, biz
onları xaricdən idxal edirik. Buraya xüsusilə, dərman preparatları, peyvəndlər
daxildir. Bir heyvanın ərsəyə gəlməsi, yem bazaları ilə təmin edilməsi, otlaq
sahələrinin artırılması asan proses deyil. Bundan əlavə, həm əhalinin ət
məhsullarını sevməsi, həm də turizm sektorunun inkişafı, ölkəyə gələn
qonaqların sayının artması ətə olan tələbatı artırır. Hazırkı vəziyyətdə
sahibkarlar əti Gürcüstan, Rusiyadan idxal edirlər. Çünki sahibkara əti
xaricdən idxal etmək, istehsal etməkdən ucuz başa gəlir. İdxalın artırılması
bazarda ət qiymətlərinin ucuzlaşmasında ciddi rol oynayacaq”.

Bu sahədə müsbət rəqəmləri görəcəyik

Mütəxəssis vurğulayıb ki, sovet dövründə və ondan öncəki illərdə Kəlbəcər,
Laçın ən zəngin örüş zonaları, yaylaqları ilə seçilib. Bu torpaqlar tam şəkildə
iqtisadi dövriyyəyə cəlb edildikdən sonra yem bazası təkmilləşəcək və örüş
zonaları yenidən kənd təsərrüfatı sektorunun heyvandarlıq istiqamətinə
yönəldiləcək:

“Torpaqlarımız işğaldan azad olunub və suveren hüquqlarımızı tam bərqərar
etmişik. Bilirik ki, o torpaqların tam iqtisadi dövriyyəyə cəlb edilməsi
istiqamətində kifayət qədər işlər görülüb və davam edir. Bu işlər bitdikdən
sonra bu sahədə müsbət rəqəmləri görəcəyik”.

İdxal prosesi artıq bazarda sözünü deyir

İqtisadçı Fikrət Yusifov isə bildirib ki, bazarda istənilən məhsulun qiyməti
tələb və təklif əsasında formalaşır.

İqtisadçının sözlərinə görə, son bir neçə ildə bazarlarda ətin qiymətində
kəskin artımlar yerli istehsalın azalması ilə izah olunurdu. Hazırda isə bu
prosesin əksi müşahidə olunur:

“Regionlarda fermerlərin örüş sahələrində daha çox dənli bitkilərin əkilməsinə
üstünlük verməsi və bu səbəbdən mal-qara saxlamaq imkanlarının
məhdudlaşdırıldığına dair çıxışlara tez-tez rast gəlinirdi. Örüş yerləri əkin
yerləri ilə əvəzləndikcə bazarlarda ətin qiyməti davamlı qalxırdı. Son vaxtlar
yerli bazarlarda bu prosesin əksi müşahidə edilir. Hazırda ət idxalının keçən
ilin eyni dövrü ilə müqayisədə 20 faiz artması artıq öz sözünü deyir. İdxal
səbəbindən bazarda ət təklifi çoxaldığı üçün qiymətlər aşağı düşüb”.

Ət regionlarda ucuzdur

Hazırda regionlarda ət şəhərə nisbətən ucuz satılır. Mütəxəssis qeyd edib ki,
bunun səbəbi mal-qaranın öz ərazilərində bəslənməsi və əlavə nəqliyyat
xərclərinin olmamasıdır:

“Əgər heyvan rayondan Bakıya gətirilirsə və ya heyvan rayonda kəsilir, əti
Bakıya daşınırsa, ortada ilk növbədə nəqliyyat xərcləri yaranır. Üzərinə ətin
anbarda saxlanma xərclərini də gəldikdə, qiymətin rayonda ucuz olması
normaldır”.

Hədəfimiz yerli istehsalı artırmaq olmalıdır

Mütəxəssis vurğulayıb ki, idxal hesabına qiymətlərdə stabilləşmə yaratsaq da,
hədəfimiz yerli istehsalı artırmaq və daxili bazarın ətə olan tələbatını ilk
növbədə istehsal hesabına qarşılamaq olmalıdır:

“Bunun üçün yerlərdə heyvandarlıqla məşğul olan fermerlərə indikindən daha
münbit şərait yaradılmalı və ilk növbədə regionlarda örüş yerləri ilə bağlı
məsələnin həlli istiqamətində addımlar atılmalıdır”.

Source link