52598f9d-439f-4cc9-a860-82b8f891bbd9..jpg

“İdxalın qarşısı alınsa, daha bahalı yerli kərə yağı almaq məcburiyyətində qalacağıq” – RƏY + FOTO

Baxış sayı: 810 dəfə baxılıb.

“İdxalın qarşısı alınsa, daha bahalı yerli kərə yağı almaq məcburiyyətində
qalacağıq” – RƏY + FOTO

Sosial şəbəkələrdə kərə yağlarının maya dəyərinin qiymətinin artması ilə bağlı
məlumatlar var. Maya dəyərinin qiymətinin artmasını bir neçə amillə
əlaqələndiriblər. Bir qisim şəxs yem qiymətlərinin artması, digərləri isə
heyvandarlıq sahələrinin azalması ilə əlaqələndiriblər. Bu səbəbdən də
ekspertlər yağ istehsalının sərfəli olmadığı qənaətinə gəliblər. Daha çox
idxalının tərəfdarıdırlar. Yəni yerli istehsalın gəlir gətirməyəcəyini güman
ediblər.

Xatırladaq ki, ötən ay idxal olunan kərə yağı 20 manatdan yuxarı satılıb.
2022-ci ildə Azərbaycana 108 milyon 182 min dollar dəyərində 18 min 563 ton
kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib. 2021-ci illə
müqayisədə kərə yağı və süddən hazırlanmış digər yağların idxalı dəyər
ifadəsində 37,1%, miqdar ifadəsində 23,5% artıb. Bir ton kərə yağının orta
idxal qiyməti 2021-ci ildəki 5 min 245 dollardan 2022-ci ildə 5 min 828 dollara
yüksəlib.

Bəs o zaman kərə yağı idxalının artmasının səbəbi nədir?

Mövzu ilə bağlı Cixisyolu.com-a açıqlama verən Milli Məclisin deputatı Cavanşir
Paşazadənin sözlərinə görə, bəzi torpaq sahələri əkinə yararlı deyil:

“Bu səbəbdən də həmin sahələrdə heyvan saxlamaqla məşğuldurlar. Süd məhsulları
və kərə yağının istehsalının artımı və xarici ölkələrə satılması, artıq ənənəyə
çevrilib. Məhsullar siyahıya alınmalıdır. Və statistika ilin əvvəlində
artımları dövlətə bildirməlidir”.

C.Paşazadə qeyd edib ki, istehsalı az olan məhsul idxal olunmalıdır:

“Kərə yağının istehsalı azdırsa, satılmalıdır. Bu daxili bazarda bahalaşmaya
səbəb olur. Məhsulun idxal və ixrac olunması siyahı hesabına olmalıdır. Təəccüb
doğurası hal deyil”.

İqtisadçı-ekspert Xalid Kərimli qeyd edib ki, məhsul istehsalının artıb və ya
azalması fermerlərin istəyinə bağlıdır:

“Fermerlərin özləri buna qərar verirlər. Onlar özlərinin maraqlarından çıxış
edirlər. Əgər kərə yağının maya dəyərinin qiyməti artıbsa, digər ölkələrdə daha
ucuzdursa, idxalı normaldır. Azərbaycanın ərazisi o qədər böyük deyil ki, bütün
istiqamətlərdə inkişaf etsin”.

X.Kərimli əlavə edib ki, kərə yağının istehsalının qarşısı alınsa, daha bahalı
yerli məhsul almaq məcburiyyətində qalacağıq:

“Kərə yağını, südü özümüz istehsal edib, tələbatı ödəməyimiz ciddi itkilərə
səbəb olacaq. Alıcılar da daha baha alacaqlar. Daha ucuz məhsul istehsal
ediləcəksə, bu alıcıların marağına uyğundur. Bazarın inkişafı üçün də uyğundur.
Burada bizi narahat edən məsələ yoxdur.

Azərbaycanda son vaxtlar iri fermer təsərrüfatları yaradılıb. Təsərrüfatlarda
yem komponentləri bahalaşıb. Bunlar hamısı idxal hesabınadır. Fermer də idxal
etmək üçün qiyməti qaldırır. Çünki fermerin xərcləri artır”.

Qida təhlükəsizliyi üzrə ekspert Elsevər Fərzəliyevin fikrincə, kərə yağının
ölkə daxilində tələbatını təmin etmək lazımdır:

“Ölkədə hər şeyin qiyməti qalxıb. Südün də qiymətində artımlar müşahidə
olunmaqdadır. Bütün bu amillər hamısı kərə yağının qiymətinə də təsir edir.
Kərə yağının ölkə daxilində tələbatını təmin etmək lazımdır. Kərə yağının
qiymətinin qalxması o demək deyil ki, biz onu daha istehsal etmirik”.

Ekspert yerli məhsulun daha keyfiyyətli olduğunu söyləyib:

“Xaricdən gətirilən kərə yağların bəzilərinin hazırlanmasında spreylərdən
istifadə olunur. Yağa bənzər rəng və ya dadverici maddələrdən hazırlanır. Lakin
yerli kərə yağları süddən hazırlanır. Yerli məhsullar isə normaldır. Yerli
istehsal keyfiyyətlidir. Xaricdən gətirilənlərin mənşəyi, mənbəyi
öyrənilməlidir”.

E.Fərzəliyev qeyd edib ki, orqanizmə normadan artıq yağ daxil olduqda sağalmaz
xəstəliklər yarana bilər:

“İnsanlar yağdan çox istifadə edirlər. Orqanizmə bəzən normadan artıq yağ
daxil olur. Bu da bəzən sağalmaz xəstəliklərə zəmin yarada bilər”.

Ümumiyyətlə, ötən il kərə yağının qiymətində artım müşahidə edilib. Dövlət
Statistika Komitəsinin məlumatına görə, dekabr ayında Azərbaycanda xaricdən
gətirilən kərə yağının 1 kiloqramının orta satış qiyməti 20,16 manat olub. Ötən
ay yerli kərə yağının qiyməti isə 19,04 manat olub.

Nəzrin Vahid

Source link