İƏT Əmək Nazirləri Konfransının Qətnaməsi qəbul olunub – YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin Bakıda
keçirilən 5-ci konfransının Nazirlər Sessiyası işini davam etdirib.
“Report” xəbər verir ki, iclasın gündəliyi qəbul edilib və Nazirlər
Sessiyasına hazırlıq iclasının hesabatı təqdim olunub. DOST Konsepsiyası və
ölkəmizdə sosial sahədə e-xidmətlər barədə videoçarxlar nümayiş edilib. Üzv
ölkələrin əmək nazirlərinin və nümayəndə heyətləri başçılarının çıxışları
dinlənilib.
Konfrans iştirakçıları daha sonra tədbirin Qətnamə layihəsini nəzərdən keçirib
və Qətnaməni qəbul ediblər.
Konfransda müzakirə mövzularının üzv ölkələr üçün aktual olduğu vurğulanıb.
Burada aparılan müzakirələrin və təcrübə mübadilələrinin nümayəndə heyətləri
üçün önəmli olduğu, həmin ölkələrdə əmək, məşğulluq, sosial müdafiə sahələrində
həyata keçirilən islahatlar prosesi üçün əhəmiyyəti diqqətə çatdırılıb.
İƏT-in Baş katibinin müavini Dr. Ahmed Sengendo Azərbaycanın İƏT-lə fəal
əməkdaşlığından və konfransa yüksək səviyyədə ev sahibliyi etməsindən
razılığını, konfrans iştirakçılarına aparılan müzakirələrdə fəal iştirakına
görə minnətdarlığını bildirib.
Sonra konfransın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev
və Dr. Ahmed Sengendo media üçün brifinq keçiriblər.
Onlar keçirilən bu beynəlxalq tədbirin yekunları barədə məlumat verib,
konfransın üzv ölkələr, həmin ölkələrin gələcək əməkdaşlığı üçün uğurlu
nəticələrinin olacağına əminlik ifadə ediblər.
18:24
Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin
5-ci konfransı öz işini başa çatdırıb.
“Report” xəbər verir ki, konfransın yekunu üzrə birgə qətnamə qəbul edilib.
Qeyd edək ki, noyabrın 21-dən 23-dək Bakıda keçirilən əmək nazirlərinin 5-ci
konfransı çərçivəsində İƏT Əmək Mərkəzinin açılışı olub. Mərkəzin nizamnaməsini
16 ölkə imzalayıb.
10:24
İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin Bakıda
keçirilən 5-ci konfransının Nazirlər Sessiyası keçirilir.
“Report” xəbər verir ki, sessiya Qurani-Kərimdən ayələrin oxunması ilə
başlayıb.
Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, İƏT-in Baş
katibi Hissein Brahim Taha, İƏT əmək nazirlərinin 4-cü konfransının sədri kimi
Səudiyyə Ərəbistanı Krallığının İnsan resursları və sosial inkişaf nazirinin
müavini Adnan Abdulla Al Nuaimin çıxış edəcəkləri gözlənilir.
Sonra konfransın sədri və büronun tərkibi seçiləcək.