Böyük Britaniya Kraliçası II Elizabetin ən kiçik oğlu, 59 yaşlı Şahzadə Endryunın adı seks qalmaqalında hallanıb.
Britaniya mediasının məlumatına görə, onun adı insanları cinsi istismara məruz qoyma ilə bağlı cinayət işinin materiallarında çəkilir. Buna görə milyarder, həm də Donald Trampın dostu olmuş Cefri Epşteyn məhkəmə qarşısında cavab verməli idi.
Ötən şənbə günü C.Epşteyn həbsxana kamerasında ölü tapılıb. Rəsmi versiyaya görə, o, intihar edib. Ancaq onun ölümü işin gedişatını izləyənlər üçün bir çox sualları cavabsız qoyub.
Bu qalmaqalda bir çox nüfuzlu şəxslərin adlarının hallanması onları çox narahat edib. İddia olunur ki, elə bu səbəbdən də milyarderi aradan götürmək qərara alınıb.
Məhkəmə sənədlərinə görə, şahzadə Endryu iki qıza – Miss Cifre və Janna Skoberqə qarşı cinsi təcavüzdə ittiham edilir.
II Elizabetin oğlu 2015-ci ildə də eyni ittihamla üzləşib. Virciniya Roberts adlı qadın 1999-2002-ci illərdə üç dəfə şahzadə ilə cinsi əlaqəyə girdiyini iddia edib. Onun dediyinə görə, C.Epşteyn hələ kiçik yaşlarında ikən onu varlı və güclü kişilərlə cinsi əlaqədə olmağa məcbur edib.
Endryu ilə görüşlər London və Nyu-Yorkdakı hotellərdə, eləcə də, Epşteynə məxsus xüsusi adada baş tutub. Sübutlardan biri isə 17 yaşlı Virciniyanın şahzadənin yanında dayanıb foto çəkdirməsidir.
Rəşad Əliyev