a630315f-963a-45ff-9c08-2003b57d87d0..jpg

İİTKM: “Rüblük qeyri-neft ixracımızın dəyəri ilk dəfə 1 milyard dollara yaxınlaşıb”

Baxış sayı: 650 dəfə baxılıb.

İİTKM: “Rüblük qeyri-neft ixracımızın dəyəri ilk dəfə 1 milyard dollara
yaxınlaşıb”

“Azərbaycanda ilk dəfədir ki, ilin ilk rübündə 1 milyard ABŞ dollarına yaxın
qeyri-neft ixracı həyata keçirilir”.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə,
bunu qurumun “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin rəhbəri Nicat Hacızadə
bildirib.

“Bu ilin yanvar-mart aylarında Azərbaycanın qeyri-neft ixracının dəyəri illik
müqayisədə 23,2% artaraq 912,2 milyon ABŞ dollarına çatıb. Ötən illərdən fərqli
olaraq, qeyri-neft ixracının əsas hərəkətverici qüvvəsi elektrik enerjisi olub.
2023-cü ilin ilk 3 ayında elektrik enerjisi istehsalı ötən ilin müvafiq dövrü
ilə müqayisədə 551,7 mln. kVt/st, yəni 7,7% artaraq 7 756,2 mln. kVt/st olub. I
rübdə elektrik enerjisi istehsalının 16,6%-i ixraca yönəlib. Belə ki, il
ərzində elektrik enerjisi ixracının dəyəri 6,1 dəfə və yaxud 234,7 milyon
artaraq 281,1 milyon ABŞ dolları təşkil edib. 2022-ci ilin qeyri-neft ixracının
strukturunda 6-cı mövqedə qərarlaşan elektrik enerjisinin ticarət gəlirləri
121,6 milyon ABŞ dolları dəyərində olub. Nəticə etibarı ilə, 2023-cü ilin
elektrik enerjisi ixracı 2022-ci ilin yekun ixrac dəyərindən 2,3 dəfə çoxdur.
Yalnız mart ayında isə elektrik enerjisi istehsalı 11,7% artıb”, – deyə o qeyd
edib.

N.Hacızadənin sözlərinə görə, elektrik enerjisi ixracının əhəmiyyətli
səviyyədə artımı Türkiyəyə həyata keçirilən ixracın sürətli artımı ilə
əlaqədardır:

“2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanın Türkiyəyə qeyri-neft ixracı
78,7% artaraq 273,9 milyon ABŞ dolları təşkil edib. Yalnız fevral ayında isə
qardaş ölkəyə ixracın dəyəri 2 dəfə artaraq 167,2 milyon ABŞ dollarına çatıb.
Adıçəkilən ixrac dəyərinin əhəmiyyətli artımının əsas səbəbi elektrik enerjisi
ilə əlaqədardır”.

İİTKM rəsmisinin təqdim etdiyi statistik məlumatlara əsasən, 2023-cü ilin
yanvar-mart aylarında yeyinti məhsullarının ixracının dəyəri 5,7% artaraq 169,9
milyon ABŞ dolları təşkil edib:

“Bu göstərici qeyri-neft ixracının 18,6%-ni təşkil etməklə ötən ilin müvafiq
dövrü ilə müqayisədə 3,1 bənd daha azdır. 2023-cü ilin 3 ayı ərzində aqrar və
aqrar-sənaye məhsullarının ixracı 3,4% artaraq 178,9 milyon ABŞ dolları təşkil
edib. Sözügedən artımın əsas hərəkətverici qüvvəsi ötən illərdən fərqli olaraq
kənd təsərrüfatına dayanan sənaye istehsalı ilə əlaqədardır. Ötən ilin müvafiq
dövrü ilə müqayisədə aqrar-sənaye məhsulları ixracı 19,6 milyon ABŞ dolları və
yaxud 56,3% artıb. Adıçəkilən sənayenin istehsalının artımı emal edilən heyvan
mənşəli məhsullar və alkoqollu və alkoqolsuz içkilər hesabına baş verib. Bu
içkilər ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,1 dəfə artıb”.

Source link