İki boksçumuz Avropa Kubokunda yarımfinala yüksəlib
Monteneqronun Budva şəhərində təşkil olunan boks üzrə Avropa Kuboku davam edir.
Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, 29 ölkədən 156
idmançının qatıldığı yarışın dördüncü günündə millimizin iki üzvü yarımfinala
yüksəlib.
İlk görüşündə Bartumey Roskoviçi (Polşa) mübarizədən kənarlaşdıran Malik
Həsənov (63,5 kq) 1/4 finalda fransalı Lounes Hamraouini sınağa çəkib. Gərgin
keçən qarşılaşma boksçumuzun inamlı qələbəsi ilə başa çatıb. Həsənov
yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı da təmin edib. Malik üçüncü
döyüşündə israilli Ahmat Ştivi ilə üz-üzə gələcək.
75 kq-da Mirşərif Kazımzadə də yarımfinala yüksəlməklə özü üçün ən azı üçüncü
yeri təmin edib. Boksçumuz 1/4 finalda Qabriel Debaniçə (Xorvatiya) qalib
gəlib. O, döyüşü 5:0 (30:27, 30:27, 30:27, 29:28, 29:28) hesabı ilə aktivinə
yazıb. Kazımzadə finala gedən yolda rusiyalı Cambulat Bijamovla münasibətinə
aydınlıq gətirəcək.
Yarımfinal görüşləri oktyabrın 13-də olacaq.
Qeyd edək ki, Avropa kubokunun beşinci günündə millimizin üç boksçusu rinqə
çıxacaq. Tayfur Əliyev (60 kq) Arşak Tovmasyanla (Rusiya), Nəbi İsgəndərov (67
kq) Canluici Malanqa (İtaliya) ilə və Sərxan Əliyev (71 kq) Miroslav Kapulerlə
(İsrail) gücünü yoxlayacaq.