İki futbol millimizin baş məşqçisi dekabrda istefaya göndərilə bilər

Baxış sayı: 1. 610 dəfə baxılıb.

İki futbol millimizin baş məşqçisi dekabrda istefaya göndərilə bilər

Əsas millimizin baş məşqçisi Nikola Yurçeviç istefaya göndərilə bilər.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov açıqlama verib.

“Biz onunla müqavilə bağladıqda qarşısına hədəf kimi millimizin Avro-2020-nin seçmə qrupunda sonuncu olmamağı və mümkün qədər yuxarı sıraları tutmağı tapşırmışdıq. Təəssüf ki, millimiz cəmi bir xal toplayıb qrup sonuncusu oldu.

Onun müqaviləsi hüquqi baxımdan onsuz da başa çatır. Amma onun qalıb-qalmamasına mən qərar vermirəm. AFFA İcraiyyə Komitəsi onunla yeni müqavilə bağlanılıb-bağlanılmaması barədə dekabrda keçirəcəyi iclasda qərar verəcək. Çox güman ki, onunla yeni müqavilə bağlanılmayacaq”.

Elxan Məmmədov onu da bildirib ki, 17 yaşadək millimizin (U-17) baş məşqçisi Vüqar Məmmədi də bu aqibət gözləyir:

“U-21 millimiz seçmə mərhələdə altı xal toplayıb. Millimiz Slovakiyanı Bakıda 3:1 məğlub etdiyimiz oyunda çox yaxşı çıxış etdi. Qrupda daha dörd oyunumuz var. Düşünürəm ki, komandamızın hələ bu qrupda daha yaxşı nəticə göstərmə şansı var.

U-19 millimizin baş məşqçisi Samir Əliyevlə müqavilə bağlananda ona iki seçmə mərhələdə şans verilməsini nəzərdə tutmuşduq. Bildirmişdik ki, futbol faciəsi, yəni qrupda xalsız qalmaq və böyük hesablı məğlubiyyət olmasa, onunla yola davam edəcəyik. Ancaq çox təəssüf ki, futbol faciəsi U-17 millimizdə baş verdi. Ona görə də Vüqar Məmməd barədə AFFA İcraiyyə Komitəsi yekun qərar verəcək”.

Qeyd edək ki, U-17 millimiz ilkin seçmə qrupda 0 xalla sonuncu olub. U-19 millimiz isə üç xalla qrup üçüncüsü kimi ilkin seçmə mərhələni başa vurub.

Səbuhi Musayev