İki komanda Azərbaycan çempionatından kənarlaşdırılıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
AFFA İntizam Komitəsi aşağı yaş qruplarında çıxış edən iki komandanı
yarışlardan kənarlaşdırıb.
Bu barədə AFFA məlumat yayıb.
Bildirilib ki, U-10 liqasında yer alan “Xətai” və U-11 liqasında mübarizə
aparan “Qoşqar” mövsüm ərzində 3-cü dəfə oyuna çıxmadıqlarından, bu cəzaya
məruz qalıblar.
“Xətai” “Zirə” ilə görüşə təyin olunan vaxtda gəlməyib, Gəncə təmsilçisi
“Qoşqar”ın isə “Gəncəvi” ilə qarşılaşmada heyətində yetərsay olmayıb.
Bundan başqa, daha iki komanda texniki məğlubiyyətlə üzləşib. U-10 Liqasında
keçirilməli olan “Binə” – “Zəngəzur” oyununda ikincilərin heyətində yetərsay
olmayıb. Mövsümdə ikinci dəfə bu hal yaşandığından, “Zəngəzur”a 0:3 hesablı
texniki məğlubiyyət verilib. Yüksək Qızlar Liqasının “Sumqayıt” – “Şəmkir”
oyununda isə “Şəmkir” Əsasnamə qaydalarını pozaraq, protokolda adı olmayan və
digər komandada qeydiyyatdan keçmiş Aysel Ziyadovanı meydana buraxıb. Bu,
“Şəmkir”in texniki məğlubiyyət alması ilə nəticələnib.