20 və 94 nömrəli müntəzəm marşrut xətləri ilə bağlı iyunun 5-də elan edilən müsabiqəyə yekun vurulub.
ÇıxışYolu.Com Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadən xəbər verir ki, qanunvericiliyə uyğun olaraq keçirilən müsabiqənin qalibi “BakuBus” MMC olub.
Əvvəlcədən nəzərdə tutulduğu kimi, hər iki marşruta dair sərnişindaşıma xidmətləri bir daşıyıcı tərəfindən icra ediləcək. Qeyd edilən marşrutların nömrələri 7A və 7B olaraq müəyyən edilməklə son dayanacaq məntəqələri də dəyişdirilib.
7A marşrutu üzrə avtobuslar Beynəlxalq Avtovağzal Kompleksi – “Əhmədli” metro stansiyası, 7B marşrutu üzrə isə Yeni Yasamal qəsəbəsi (“Qismət” şadlıq sarayı) – “Əhmədli” metro stansiyası istiqamətində sərnişinlərə xidmət göstərəcək.
Müsabiqə şərtlərinə uyğun olaraq, 7A və 7B marşrut xətlərinin fəaliyyəti yaxın günlərdə təmin ediləcək.
Vahid hərəkət cədvəli ilə xidmət göstərəcək marşrut xətlərində avtobuslarda nağdsız ödəniş sistemi tətbiq ediləcək.