İki nəfəri bıçaqlayan gəncə ağır cəza

İki nəfəri bıçaqlayan gəncə ağır cəza

Baxış sayı: 2. 398 dəfə baxılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Orxan Cəfərovun (1997-ci il təv.) CM-nin 29,120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

ÇıxışYolu.Com-ın məlumatına görə, ittiham aktına əsasən, ötən il sentyabrın 18-də Orxan Cəfərov qardaşı Vüsalın övladının məktəbə getməsi ilə bağlı keçirilən iclasda iştirak edib. 

Spirtli içki qəbul edən Cəfərov evə qayıdarkən Müşviqabad qəsəbəsində, əvvəlcədən tanımadığı Rəvan İsgəndərov və Emil Əhmədovla rastlaşıb. Belə ki, səki ilə hərəkət edərkən onlar təsadüfən Orxanın çiyininə toxunublar.

Buna görə aralarında mübahisə düşüb. Cəfərov cibindən bıçaq çıxarıb İsgəndərova 2, Əhmədova isə 1 zərbə vurub və hadisə yerindən qaçıb. Zərərçəkənlər xəstəxanaya çatdırılıblar, onların həyatlarını həkimlər xilas ediblər. Həmin gecə Cəfərov tutulub və istintaqa təqdim edilib.

Məhkəmə prosesində O.Cəfərov ittiham üzrə özünü qismən təqsirli bilib və zərərçəkmişləri öldürmək istəmədiyini qeyd edib. Zərərçəkmiş şəxslər bildiriblər ki, təqsirləndirilən şəxsdən şikayət və tələbləri yoxdur, aralarında barışıq imzalanıb. 

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 11 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

www.ÇıxışYolu.Com