b8e5cea3-2b82-4905-b2f8-040a99a5bf42..jpg

İki polisin öldüyü hadisə ilə bağlı YENİ DETALLAR + FOTO

Baxış sayı: 830 dəfə baxılıb.

İki polisin öldüyü hadisə ilə bağlı YENİ DETALLAR + FOTO

Samuxda 16 avqust 2020-ci il tarixində iki polis əməkdaşının ölümü ilə
nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə
prosesi nəhayət yekunlaşıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisədə iştirak edən “NEW Holland TC-5050”
markalı kombaynın sürücüsü, 1972-ci il təvəllüdlü Allahverdi Behbudov Cinayət
Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı
qaydalarını pozma – 2 və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə
təqsirli bilinib. Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesin
yekununda ona 4 il sürücülük hüququndan məhrum edilməklə 5 il həbs cəzası
verilib.

Bildirilib ki, hadisə vaxtı kombaynla 1998-ci il təvəllüdlü polis zabiti Elnur
Çağırqanovun sürdüyü “Mercedes” markalı minik avtomobilinin toqquşması
E.Çağırqanovun və sərnişini olan polis serjantı, 1996-cı il təvəllüdlü
Süleymanzadə Ləman Nazim qızının həyatını itirməsinə səbəb olub.

Mərhum L.Süleymanzadənin atası qızının Baş Pasport Qeydiyyat və Miqrasiya
İdarəsinə bilavasitə tabe olan Gəncə Asan Xidmət Mərkəzində kiçik inspektor
vəzifəsində işlədiyini bildirib. O, həmin gün qızını özünün işə apardığını və
işdən onun qanunsuz olaraq digər idarəyə göndərildiyini deyib:

“Əvvəllər qızımla söhbət əsnasında mənə bildirdi ki, ola bilsin ki, bəzən
pasportların BPMQİ-dən götürülərək Gəncə Asan Xidmət Mərkəzinə gətirilməsi ona
həvalə edilə bilər.

Lakin daha əvvəl ora gedib-getməməsi barədə mənə heç vaxt məlumat verməyib.
Mən Ləmana bildirmişdim ki, ona belə tapşırıq verildiyi halda mənə məlumat
versin, özüm onu aparıb-gətirim. Qızımın olduğu maşının sürücüsü Gəncə şəhəri
Nizami rayon polis İdarəsinin əməkdaşı olmuş Elnur Çağırqanovu tanımamışam.
Kombaynın hərəkətdə olduğu yolun eni 3 metr, kombaynın qabaq tərəfdən eni isə 4
metrdir. Qanuna görə bu texnika bıçağı texnikadan sökülüb ayrılaraq başqa
texniki vasitə ilə bir məntəqədən digər məntəqəyə aparılır, kombaynın özü isə
müvafiq dövlət qurumlarının əməkdaşlarının müşahidəsi altında hərəkət edir.
Hətta bu texnikanın əyləc sistemi olmadığından onun avtomobil yoluna çıxması
qadağan olunub. Eyni zamanda 17 avqust 2020-ci il tarixdə hadisənin baş verdiyi
yerə getdikdə, orada kombaynın təkərlərinin izindən müəyyən etdik ki, hadisə
vaxtı kombayn dönmə əməliyyatı edib.

Həmin gün 09:30 radələrində qrup rəhbəri qızıma BPQMİ-nin Gəncə regional
bölməsinə ümumvətəndaş pasportlarının gətirilməsi üçün göstəriş verib. Qızım
isə yuxularını qarışdırdığını, özünü pis hiss etdiyini, ağrıdığını rəhbəri
Pərvin xanıma bildirib. Bu sözləri mənə onların özü deyib. Yuxarıda qeyd
etdiklərimi nəzərə alaraq qanunazidd hərəkətlərə və ya hərəkətsizliyə görə
cavabdeh olan şəxslərin səhlənkarlıqları ucbatından, işdə ciddi nöqsanlarına
görə qızım Ləman Süleymanzadənin ölümünə səbəb olan bütün vəzifəli şəxslərin
cinayət məsuliyyətinə cəlb olunaraq ağır cəzalanmalarını tələb etmişəm”.

L.Süleymanzadənin atası bir müddət sonra məhkəməyə ərizə təqdim edərək şikayət
və tələbinin olmadığını bildirib.

Source link