Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Pərvin Məmmədovun Cinayət Məcəlləsinin 126.2.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma, iki və ya daha çox şəxsə qarşı törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
ÇıxışYolu.Com-ın məlumatına görə, ötən il avqustun 8-də Balaxanı qəsəbəsində Pərvin Məmmədov bacısının həyat yoldaşı Sürət Əlixanovu və onun qardaşı Bəhram Əlixanovu bıçaqlayıb.
Hər iki qardaş 3 saylı klikini xəstəxanaya çatdırılıb və həyatları xilas edilib. Cinayəti törədən şəxs Sabunçu RPİ 12-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
İstintaqın gedişatında məlum olub ki, həyətində ördək saxlayan Bəhram Əlixanov işdən qayıdarkən ördəklərdən birinin öldüyünü görüb. Buna görə də həyat yoldaşı ilə mübahisə edib və ona bir neçə şillə vurub.
Bundan xəbər tutan Pərvin Məmmədov Bəhram Əlixanovla əvvəl sözlə mübahisə edib. Sonra sonuncu qardaşı Sürətlə Pərvinin yaşadığı evə yollanıblar. Baş vermiş dava zamanı Məmmədov əvvəl bıçaqla Bəhramı vurub, daha sonra Sürətə xəsarət yetirib.
Prosesdə çıxış edən dövlət ittihamçısı təqsirləndirilən şəxsə yeddi il cəza təyin edilməsini xahiş edib.
Bundan sonra, elan edilib ki, zərərçəkmiş tərəf təqsirləndirilən şəxslə barışıb, onlar məhkəməyə ərizə təqdim edərək Pərvin Məmmədovdan şikayətləri və tələbləri olmadığını bildiriblər.
Növbəti məhkəmə iclası aprelin 4-nə təyin edilib.
C.H.
www.ÇıxışYolu.Com