İkili standartlar və qərəz – BMT-ni hörmətsiz edən amillərdir + ŞƏRH
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Qərb ölkələri və onların himayəsində olan təşkilatlar üçün ikili standartlar,
qərəz, daha çox fövqəldövlətlərin maraqlarını ifadə etmək uzun illər əsas
fəaliyyət normasına çevrilib. Hadisələrə qərəzli və qeyri-obyektiv yanaşma
onların fəaliyyətinin əsas prinsiplərindən birinə çevrilib. Qərb əsasən də
İslam ölkələrinin timsalında düşmən obrazı yaratmaq yolu ilə ictimai fikri
manipulyasiya etməyə çalışılıb. Görünən odur ki, bu gün Qərb ikili
standartların daşıyıcısı rolunu öz üzərinə götürməklə obyektivlikdən tamamilə
uzaq düşüb. Bu isə, əslində, onların iflası deməkdir.
70 ilə yaxındır ki, həllini tapmayan İsrail-Fələstin münaqişəsinə yanaşmada da
bu tendensiya açıq-aydın görünüb. Son günlərdə aktiv fazaya keçən HƏMAS-İsrail
müharibəsi hər iki tərəfdən yüzlərlə insanın ölümünə, yaralanmasına səbəb olub.
Münaqişənin həllinə cavabdeh olan beynəlxalq təşkilatlar, xüsusən də BMT kimi
qurumların fəaliyyətsizliyi isə göz önündədir. BMT ona olan gözləntiləri
doğrultmur, funksionallığı yox dərəcəsindədir və böyük qüvvələr arasında siyasi
polemika meydanını xatırladır. Təşkilatın ali qurumu – Təhlükəsizlik Şurası
(TŞ) İsrailin Qəzzada keçirdiyi əməliyyat prosesində tamamilə faydasız təsisat
olduğunu bir daha nümayiş etdirdi.
BMT-nin tarixində ən böyük rüsvayçılığı Azərbaycanla Ermənistan arasında
yaşanan münaqişədə müşahidə etdik. 30 ilə yaxın müddət ərzində Azərbaycan
torpaqları Ermənistan tərəfindən işğalda qaldı, bir milyondan çox vətəndaşımız
məcburi köçkün və qaçqın vəziyyətinə salındı. Hətta işğal dövründə Azərbaycanın
ərazilərində bütün dini, tarixi, mədəni abidələr dağıdıldı, təbii sərvətlərimiz
talan edildi. Bütün bunlar azmış kimi, həmin ərazilərdə bir milyona yaxın mina
da basdırılıb. Ancaq BMT bu məsələlərlə bağlı öz səsini çıxartmır, münasibət
bildirmir. Nəzərə alaq ki, Azərbaycan bütün beynəlxalq platformalarda,
beynəlxalq təşkilatlar çərçivəsində məhz bu problemlərə əlaqədar dünya
ictimaiyyətinə dəfələrlə çağırış edib.
30 ilə yaxın müddət ərzində susqunluğa üstünlük verən, öz qətnamələrinin
icrasını təmin etmək iqtidarında olmayan BMT bunların əvəzində işğaldan azad
olunmuş Azərbaycan ərazilərində “etnik təmizləmə” məsələsini müzakirəyə
çıxarır. Bu rüsvayçı yanaşma Azərbaycana qarşı ədalətsiz münasibətdən xəbər
verir.
Ən böyük haqsızlıq və pozuntu ondan ibarədir ki, BMT TŞ-nin 5 daimi və veto
hüququna malik üzvü arasında (ABŞ, Rusiya, Çin, Fransa və Britaniya) milyard
yarımlıq islam dünyasından bir ölkə də yoxdur. Dəfələrlə bu barədə bildirilib,
lakin vəziyyət dəyişmir. Prezident İlham Əliyev də bir neçə dəfə bunu
vurğulayıb, Təhlükəsizlik Şurasının formatının köhnəldiyini bəyan edib:
“…Əlbəttə ki, Təhlükəsizlik Şurasında yeni üzvlər olmalıdır. Mütləq bir daimi
yer müsəlman ölkəsi üçün ayrılmalıdır və bunu İslam Əməkdaşlıq Təşkilatı özü
müəyyən etməlidir, o seçim etməlidir, iki illik, ya üç illik rotasiya prinsipi
əsasında. Bir yer də Qoşulmama Hərəkatına verilməlidir və orada sədrlik edən
ölkə o daimi yerdə olmalıdır, əgər veto hüququ qalacaqsa, onda o yeni iki üzvə
də veto hüququ verilməlidir”.
BMT daxilində böhrandan da danışmaq olar. Bu problem yeni yaranmayıb və uzun
müddətdir müşahidə edilir. 90-cı illərdən BMT Təhlükəsizlik Şurasında
islahatlar keçirilməsinə cəhd edilsə də, onlar nəticəsiz qalıb. Ukraynada
müharibə BMT TŞ-nin tamamilə iflic olduğunu ortaya çıxardı. Təhlükəsizlik
Şurasının iflic, işlək olmadığı bir daha isbat olundu. Bu da sistemin özünü
doğrultmadığını, islahatlara ehtiyac olduğunu şəksiz edib. İdarə edənlərlə
idarə olunanlar arasında uçurum, qeyri-uzlaşma bu sistemi iflic vəziyyətinə
gətirib. Artıq dünyada onlara etimad qalmayıb. Vəziyyət o yerə çatıb ki,
dünyanın bir nömrəli beynəlxalq təşkilatının Təhlükəsizlik Şurası “xristian
klubu” kimi tanınır. Bu cəhətlər BMT-nin əksər qurumlarını da əhatə edib.
Məsələn, UNESCO-nun korrupsiya və saxtakarlıq səbəbindən dağıldığı göz
önündədir. Bu qurumda işçilərdən düşünmək yox, rəhbərliyə itaət etmək və
yaltaqlanmaq tələb olunur.
Beləliklə, bu gün BMT və onun təsisatlarının dərin mənəvi və korrupsiya
böhranı vəziyyətinə salındığı göz önündədir və daha çox fövqəldövlətlərin
ambisiya və maraqlarını ifadə edən quruma çevrilib. Çıxış yolu da təşkilat
daxilində ciddi islahatların aparılmasındadır. Proseslər isə onu deməyə əsas
verir ki, onlar bu addımı atmağa tələsmirlər.
“Report” İnformasiya Agentliyi