4a72a2e3-fd4a-4f9a-b394-d647e5953c71..jpg

İkiqat Azərbaycan çempionu: “Karyeramı bitirməyimi dost-tanışdan da gizlətmişdim”

Baxış sayı: 4. 861 dəfə baxılıb.

İkiqat Azərbaycan çempionu: “Karyeramı bitirməyimi dost-tanışdan da
gizlətmişdim”

“Karyeramı bitirməyimi daha sonra elan etmək istəyirdim. Heç dost-tanışa da bu
barədə deməmişdim, gizlətmişdim. Elə oldu ki, B məşqçilik kateqoriyası aldıq.
Ona görə də dedilər ki, futbolçu karyeranı bitirmək lazımdır və bu da bu gün
“Neftçi” ilə oyundan əvvəl rəsmi şəkildə açıqlanmalı idi. Onu da dünən sizin
sayt ictimaiyyətə açıqlayaraq bütün sirri yaydı”.

Bunu Cixisyolu.com-a azərbaycanlı futbolçu, karyerasını 37 yaşında başa vuran Ruslan
Əmircanov deyib.

Adını “Şamaxı”ya dəyişən “Keşlə” klubunun veteran cinah müdafiəçiləri – Ruslan
Əmircanovla Rail Məlikov bu gün Azərbaycan Premyer Liqasının XXII turu
çərçivəsində saat 14:00-da başlayacaq “Şamaxı” – “Neftçi” oyunundan öncə
karyeralarını rəsmən başa vuracaqlar. Ruslanın sözlərinə görə, artıq klubla
məşqçilik müqaviləsi də bağlayıb:

“Raillə mən neçə vaxtdır ki, komandada baş məşqçi Sənan Qurbanovun köməkçiləri
kimi çalışırdıq. Ancaq bu, qeyri-rəsmi idi. Çünki adımız çempionata futbolçu
kimi sifariş olunmuşdu. Amma 20 gün olar ki, klubla futbolçu müqaviləm pozulub.
Yeni müqavilədə məşqçi kimi göstərilmişəm. Müqavilənin müddəti cari mövsümün
sonunadəkdir. Şamaxıdakı ilk oyunda klub rəhbərliyi tərəfindən bizə nəsə xatirə
formaları təqdim olunacaq və bununla da karyeramızı bitirməyimiz rəsmiləşəcək”.

Qeyd edək ki, Ruslan Əmircanov karyerası ərzində “Ümid”, “Ədliyyə”, “Karvan”
(Yevlax), “Standard” (Sumqayıt), “Neftçi”, “İnter”, “Qəbələ”, AZAL, “Səbail”,
“Keşlə” klublarında çıxış edib. Əmircanov 2010/11 və 2011/12 mövsümündə
“Neftçi” ilə ardıcıl iki dəfə Azərbaycan çempionu, 2020/21 mövsümündə “Keşlə”
ilə ölkə kubokunun qalibi olub. Maraqlıdır ki, məhz o, çempion olduğu “Neftçi”
ilə görüşdən öncə futbolla vidalaşacaq. Ruslan 2008-ci ildə debüt etdiyi milli
komandada beş oyun keçirib.

Səbuhi Musa

Source link