İkiqat Olimpiya çempionu Bakıda keçiriləcək lisenziyalı turnirə buraxılmadı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Beynəlxalq Olimpiya Komitəsi (BOK) rusiyalı güləşçi Abdulraşid Sadulayevin
Bakıda keçiriləcək lisenziyalı Olimpiya turnirində iştirakına icazə verməyib.
Bu barədə Rusiya Güləş Federasiyasının rəsmi saytı məlumat yayıb.
Müvafiq bildiriş aprelin 3-də Dünya Güləş Birliyi tərəfindən verilib.
Bu, artıq Sadulayevlə bağlı ikinci qərardır. Fevral ayında rusiyalı güləşçi
Şengen vizası ilə Rumıniyaya buraxılmayıb və ona Avropa çempionatında iştirak
etmək imkanı verilməyib.
“Beynəlxalq Olimpiya Komitəsi növbəti yoxlamadan sonra beynəlxalq yarışlara
buraxılmayanların yeni siyahılarını açıqlayıb. Təəssüf ki, onların arasında
Olimpiya Oyunlarının ikiqat qalibi, komandamızın kapitanı Abdulraşid Sadulayev
də olub. O, Bakıya getsə belə, yarışa buraxılmayacaq, onun BOK-dan qadağası
var. Dünya Güləş Birliyi bizimlə dərhal əlaqə saxladı və onu mümkün qədər tez
əvəzləmək imkanı verdi – Alixan Cabrayılov Bakıda çıxış edəcək.
Vurğulamaq istəyirəm ki, Sadulayevin ölkəyə daxil olmasının qarşısını almaq
qərarını məhz BOK verib, Dünya Güləş Birliyi isə əksinə, Sadulayevin döyüşməsi
üçün mümkün olan hər şeyi edib”, – deyə Rusiya Güləş Federasiyasının rəhbəri
Mixail Mamiaşvili bildirib.
Qeyd edək ki, Abdulraşid Sadulayev Rio-de-Janeyro və Tokioda keçirilən
oyunlarda qızıl medal qazanıb. 27 yaşlı güləşçinin dünya çempionatlarında da
beş qələbəsi var.
Yay Olimpiya Oyunları 2024-cü il iyulun 26-dan avqustun 11-dək Parisdə
keçiriləcək.
Mənbə: Sportbox.ru