ad34fda9-632b-4d50-bde7-53bcc25b0070..jpg

İlahiləşdirilən şairin “baltaladığı” talelər: Oğlu onu ömür boyu bağışlamadı – ARAŞDIRMA + FOTO

Baxış sayı: 518 dəfə baxılıb.

İlahiləşdirilən şairin “baltaladığı” talelər: Oğlu onu ömür boyu bağışlamadı –
ARAŞDIRMA + FOTO

Ölənə qədər çimməyən, qadınların ağlını başdan alan şair.

Bu mavi gözlü, sarışın, yaraşıqlı kişi yazdığı sevgi şeirləri ilə çox qadının
ürəyini ovsunlamışdı, çox qadının xəyallarını bəzəmişdi. Onun həsrət dolu sevgi
şeirlərinin qəhrəmanlarına həsəd aparmışdı Nazimin iç üzünü tanımayanlar. Onu
ilahiləşdirdilər, o isə əslində…

Əslində o həyatına toxunduğu qadınların hamısını gözü yaşlı qoymuş, vəfadan,
sədaqətdən uzaq bir insan idi. Ən pisi də yaşatdıqlarından peşman olmur, yalnız
özünü düşünürdü.

Lent.az Nazim Hikmətin sevgi dünyası barədə maraqlı faktları təqdim edir.

Medalyonun o biri üzünü görəndən sonra “kimmiş o ?” sualına bir çoxları
“əclaf” deyə cavab verib.

Bir dəfə aldadan hər zaman aldadar deyə məşhur bir misal var. Nazim ömrü ilə
tanış olanda görürsən ki, haqlıymışlar.

Nazim Hikmət bacısının rəfiqəsi Pirayəni görəndə Pirayə ailəli və 2 uşaq anası
bir qadın idi. Nazim Hikmət düz bir il onun ardınca qaçır, əldə etmək üçün
dəridən-qabıqdan çıxır. Pirayə isə ailəsini dağıtmaq istəmir. Nəhayət, qadının
qəlbini oğurlaya bilir. Pirayə bu barədə ərinə deyir və ondan ayrılır. Rəsmi
şəkildə boşanmadığı üçün nikahsız eyni evdə yaşamalı olurlar Nazimlə. Şair
Pirayənin uşaqlarını da yanına almalı olur. Çünki qadının əri xarici səfərlərə
tez-tez çıxan bir məmur idi və Türkiyədə az tapılırdı. Elə bu səbəblə də ötən
əsrin ortaları üçün yasaq, qorxunc sayılan bu sevgiyə (heç indi də normal
qarşılanmır) maneə olan tapılmır.

Pirayə boşanan kimi cütlük evlənir, amma hekayə burda bitmir. Nazim Hikməti
siyasi baxışlarına görə (kommunist idi) 28 il müddətinə həbsə atırlar.

Pirayə düz 12 il Nazimin yollarını gözləyir, dərdinə ortaq olur. Cütlük
bir-birinə sevgi dolu məktublar göndərirlər.

Lakin Nazimin sevgisi həbsdə başqa birinə aşiq olana qədər davam edir. Onun
özündən 16 yaş kiçik dayısı qızı Münəvvər Nazim Hikmətə baş çəkməyə gəlir.
Nazim bu yaşıl gözlü gözəl qızı həyatında ikinci dəfə görürdü. İlk gördüyündə
Münəvvər çox balacaydı, indi isə gözəllər gözəli bir qadına çevrilmişdi. Nazim
görən kimi ona aşiq olur və Pirayəyə haqsızlıq etməmək üçün düzünü yazmaq
qərarına gəlir. Aralarındakı sevginin bitdiyini, bir başqasını sevdiyini yazır.

Münəvvər də romantik şairi sevir, di gəl ki, o da evlidir, əri var.

Nazim Hikmət 1 il sonra əfv olunacağını düşünərək Münəvvəri ərindən boşanmağa
inandırır. Bu bir il ərzində Münəvvər tərəddüd içində qalır, Nazimə əfv
çıxmayınca ərindən boşanmaqdan imtina edir və onunla münasibətlərini dayandırır.

Nazim Hikmət tərk edilincə dərhal kağız qələmi əlinə alıb Pirayəyə məktub
yazır.

“Alçaq bir adam ola bilərəm. Eləyəm. Amma sən hər şeyə rəğmən gəl”, – deyə
yazır. Könlü qırılmış Pirayə Nazimin görüşünə gəlmir. Aclıq elan edən şair bir
neçə gündən sonra halsız düşür və xəstəxanaya aparılır. Onun səhhəti ilə
problemi olduğuna görə, vəkillər Nazim Hikmətin həbsdən çıxacağına dair imkan
yarandığını deyirlər. Nazim nə edir? Dərhal ikinci sevgisi Münəvvəri
xatırlayır, “ərindən ayrıl, birlikdə olaq” yazır. Münəvvər razılaşır və onun
görüşünə gəlir.

Nazimin ağır xəstələndiyini eşidən Pirayə keçmiş ərinə vəfa borcu olaraq onun
görmək üçün ziyarətə gəlir. Bəlkə hər şey fərqli bitəcəkdi, əgər həmin anlarda
qapı açılıb içəriyə yaşıl gözlü gözəl Münəvvər gəlməsəydi. Pirayə ərinin onu
kimə görə tərk etdiyini öz gözləri ilə görür və qaçaraq xəstəxananı tərk edir.

Şair heç Münəvvərə də sadiq qala bilmir. Baxmayaraq ki, ondan Mehmet adlı bir
oğlu olur. Nazim Hikmət həbsdən canını qurtarır, hökumət şairi əsgərliyə
çağırır. Şair Münəvvəri və oğlu Mehmeti Türkiyədə təkbaşına qoyub Moskvaya
qaçır. Yeni sevgilərə yelkən açır. Bir dəfə sağlığında Varşavada oğlu və
Münəvvəri görür. Onların yanında qalmır, oğlunu da, Münəvvəri də tərk edib yeni
sevgilisinin yanına qayıdır. Deyilənə görə, oğlu bunu ona ömür boyu
bağışlamayıb.

Rusiyadakı ilk sevgisi Qalina olur. Birlikdə olurlar, lakin tezliklə Vera adlı
xanıma aşiq olan Nazim Qalinanı tərk edir. Qalina həqiqəti öyrənəndə heç nə
demir və Nazimin o qadına getməyini bağışlayır. Çünki Nazim Hikmətin Veranı
sevəndən sonra yaxşı şeirlər yazırdı. Qəribədir deyilmi?

Həkimlər ürək xəstəsi olan Nazimə “sevsən 3 il, sevməsən 10 il yaşayacaqsan”
deyir. Veranın gözəlliyi onun başını döndərirdi. Sevgisiz qala bilmirdi, uzun
ömürdənsə sevgini, ehtirası seçir. Nazim Hikmət Vera ilə birlikdə 3 il 4 ay
yaşadı. Ürəyi fırtınalı sevgilərdən yorulan adam infarktdan öldü.

O, əslində qadınları yox, sevilməyi, özünü sevirdi, aldığı həzzi sevirdi.

Nazim Hikmətin dəfnində məzarı başında Qalina, Vera və Münəvvər sıra ilə
dayanıb göz yaşı tökmüşdü.

Həbsdə su işgəncəsinə məruz qaldığına görə, ömrünün sonuna qədər bədəninə su
vurmamış, çimə bilməmiş bu kişiyə qadınlar niyə belə heyran idilər? Sadəcə
tanımadıqları üçünmü? Bu sualların cavabı isə yoxdur.

Ağlatdığı qadınlar sarıdan bəxti yaman gətirmişdi. Hamısı onu gerçəkdən
sevmiş, böyük ürəkli qadınlar idilər. Əslində Nazimi var edən də onun fədailəri
deyildimi?

Source link