Havaların isinməsi ilə bölgələrdə ilan və əqrəb sancmasının sayı artıb. Demək olar hər gün bu barədə xəbərlər eşidirik. Təkcə may ayında cənub bölgəsində 10 nəfərə yaxın adamı ilan, 7 nəfəri isə əqrəb sancıb. Bəs bu halla qarşılaşarkən nə etməli?
Əksər insanlar ilansancması halı ilə əsasən kənd təsərrüfatı işləri görərkən rastlaşırlar. Elə buna görə də, kəndlilər sahədə çalışarkən əvvəlcədən etibarlı ayaq geyimlərindən və əlcəklərdən istifadə etməlidirlər. Bu iş zamanı qismən də olsa insanın həyatını sığortalamış olur.
Bəzi kəndlilər tarla işlərini sürünənlərin gün ərzində az müşahidə olunduğu vaxtlarda icra edirlər. Qabaqlayıcı tədbirlərin görülməsinə baxmayaraq, yaz və yay aylarında ilan və əqrəb sancması hallarına daha çox rast gəlinir.
Hazırda da bölgələrdəki bütün xəstəxanalar yay mövsümü ilə əlaqədar olaraq lazımı miqdarda ilan və əqrəb sancmasına qarşı zərdabla təchiz olunub. Həkimlər belə halla qarşılaşan zaman insanı məhz hansı ilanın sancdığına diqqət etməyin vacibliyini də vurğulayırlar. Bu düzgün zərdab seçmək üçün çox önəmlidir.
Qeyd edək ki, bu dərman preparatları dövlət tərəfindən vətəndaşlara pulsuz verilir.
Rövşən MÖVLAN