İlham Əliyev iş adamlarına müraciət edib

İlham Əliyev iş adamlarına müraciət edib

Baxış sayı: 3. 150 dəfə baxılıb.

Ticarət əlaqələrinin indiki səviyyəsi bizim əlaqələrimizin səviyyəsini əks etdirmir. Ona görə də bu biznes forumda iştirak edən iş adamlarına tövsiyəm budur ki, daha da sıx əməkdaşlıq etsinlər. 

ÇıxışYolu.Com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Mərkəzində Azərbaycan-İran biznes forumunda bildirib. 

O qeyd edib ki, ticarət dövriyyəsinin artırılması üçün praktiki addımlar atılmalıdır:

“Ümid edirəm ki, gələcək illərdə bizim qarşılıqlı ixracımız da artacaq. Buna nail olmaq üçün imkanlar var.

Əlbəttə, qarşılıqlı sərmayə qoyuluşu məsələlərinə də böyük diqqət göstərilir. Bu gün bu kiçik təqdimatda qarşılıqlı sərmayə qoyuluşunu əks etdirən iki önəmli layihə göstərildi – Neftçalada “İran Khodro” və Azərbaycan şirkətinin birgə müəssisəsi və İranda Azərbaycan sərmayəsi ilə yaradılan yük terminalı.

Qarşılıqlı sərmayələrin qoyuluşu üçün əlbəttə ki, ilk növbədə, gözəl münasibətlər və qarşılıqlı maraqlar olmalıdır. Bunlar var və gündən-günə möhkəmlənir. Biz bu iki layihənin timsalında görürük ki, burada qarşılıqlı maraqlar tam təmin olunur. Əminəm ki, həm avtomobil zavodunun gələcək fəaliyyəti uğurlu olacaq və həm də yük terminalı Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı üçün önəmli rol oynayacaqdır.

Biz digər sahələrdə də qarşılıqlı sərmayə qoyuluşu haqqında ciddi düşünməliyik, bunu edirik. Dünən həm məhdud tərkibdəki görüşdə, eyni zamanda, nümayəndə heyətlərinin tam tərkibi ilə keçirilmiş görüşdə bu məsələlər müzakirə olundu. Qarşılıqlı sərmayə qoyuluşu üçün əlavə istiqamətlər müəyyən edilməkdədir. Tam əminliklə deyə bilərəm ki, Şimal-Cənub nəqliyyat dəhlizi də İran və Azərbaycan tərəflərinin çox ciddi səyləri hesabına reallaşır. Biz qonşu ölkələrlə bu məsələləri daim müzakirə edirik. Son iki il ərzində görülən işlər bu yolun açılmasına əsas zəmin yaratmışdır. Kiçik təqdimatda göstərildi ki, 2016-2017-ci illərdə bu dəmir yolunun çatışmayan hissəsi Azərbaycan ərazisində inşa edildi, Astaraçay üzərində körpü salındı. Mən keçən il İranda səfərdə olarkən ilk sınaq qatarı Azərbaycandan İran ərazisinə keçdi. Bu gün isə artıq yük terminalı inşa edilir və dünən tarixi bir sənəd imzalandı. Astara-Rəşt dəmir yolunun tikintisi ilə bağlı müqavilə imzalandı. Bu müqavilə Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşmasında xüsusi rol oynayacaqdır”. 

Dövlət başçısı deyib ki, ərazidən keçən tranzit yüklər on milyon tonlarla ölçüləcək. Eyni zamanda, bölgədə yeni bir əməkdaşlıq formatı yaranacaq:

“Bunu artıq yaratmışıq, çünki biz indi nəinki ikitərəfli formatda, üçtərəfli və dördtərəfli formatlarda fəal əməkdaşlıq edirik. 2016-cı ildə Bakıda, 2017-ci ildə isə Tehranda Azərbaycan, İran, Rusiya prezidentlərinin görüşləri keçirilmişdir. Bu görüşlərin çox böyük əhəmiyyəti vardır. Görüşlərdə həm siyasi, həm iqtisadi, həm nəqliyyat, həm enerji məsələləri müzakirə edilmişdir. Hesab edirəm ki, üç ölkənin iş adamları da mövcud olan imkanlardan istifadə etməlidirlər.

Azərbaycan-İran-Türkiyə üçtərəfli əməkdaşlıq formatı artıq neçə ildir ki, fəaliyyət göstərir və bu yaxınlarda Bakıda yeni, dördtərəfli əməkdaşlıq formatı da reallaşıb – Azərbaycan, İran, Gürcüstan və Türkiyə. Burada həm əlbəttə ki, regional təhlükəsizlik, əməkdaşlıq, siyasi məsələlər, qarşılıqlı dəstək, eyni zamanda, iş adamları üçün, bir daha demək istəyirəm, geniş imkanlar açılır”.

.
www.ÇıxışYolu.Com