Son 15 il ərzində ölkədə 15 min kilometr avtomobil yolu salınıb. Bizim bütün qonşu dövlətlərlə sərhədimizə qədər gedən yollar istifadəyə verilib, şəhərlərarası, kənd yolları, yəni, bu infrastruktur da yaradılıb.
ÇıxışYolu.Com xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışında deyib.
O bildirib ki, bu illər ərzində yeddi aeroport tikilib. Onlardan altısı beynəlxalq aeroportdur:
“Azərbaycanın ən müasir təyyarə parkı var. Heydər Əliyev Beynəlxalq Aeroportu bu yaxınlarda beşulduzlu statusu alıb. Məlumat üçün demək istərdim ki, dünyada cəmi doqquz aeroportun beşulduzlu statusu var, onlardan biri Heydər Əliyev Aeroportudur.
Biz dəmir yolu infrastrukturumuzu müasirləşdiririk, mövcud dəmir yolu xətlərini təzələyirik, yeni dəmir yolu xətləri çəkilir ki, sürət artsın. Lokomotivlər, vaqonlar alınır. Bakı-Tbilisi-Qars dəmir yolu keçən ilin oktyabr ayında bu ərazidə istifadəyə verilib. Bu, tarixi layihə idi.
Azərbaycan bu layihənin təşəbbüskarı idi və bu layihənin həyata keçirilməsi üçün böyük vəsait ayırıb. Bakını Avropaya dəmir yolu xətti ilə birləşdirdik. Əslində, Asiyanı Avropa ilə birləşdirən Azərbaycan olub. Bu nəqliyyat dəhlizi uzun illər bundan sonra bizə böyük gəlirlər gətirəcək, xalqımıza böyük fayda verəcək.
Bakı-Tbilisi-Qars dəmir yolu tarixi layihədir. Bu layihənin uğurla icra edilməsi nəticəsində Azərbaycan bu bölgədə öz mövqeyini daha da gücləndirəcək.
Hazırda Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması ilə məşğuluq və öz ərazimizdə bütün lazımi işləri başa çatdırdıq. Beləliklə, həm Şimaldan Cənuba, həm Şərqdən Qərbə gedən yollar Azərbaycan ərazisindən keçir və keçəcək.
Şimal-Cənub nəqliyyat dəhlizinin tam başa çatması üçün biz əlavə vəsait ayırdıq və əminəm ki, yaxın bir neçə il ərzində bu dəmir yolu tam istifadəyə veriləcək. Beləliklə, Avrasiya məkanında açıq dənizlərə çıxışı olmayan Azərbaycan nəqliyyat və logistika mərkəzinə çevriləcək. Artıq biz bunu görürük və biz bu funksiyanı artıq yerinə yetiririk”.
Dövlət başçısı bildirib ki, hazırda Cənub-Qərb nəqliyyat dəhlizinin işə salınması prosesi gedir:
“Bu da çox önəmli nəqliyyat dəhlizidir və mənə verilən məlumata görə, birinci sınaq qatarı artıq bu yolla hərəkət edib. Beləliklə, biz böyük nəqliyyat infrastrukturu yaratmaqla Azərbaycanın geosiyasi, geoiqtisadi önəmini qat-qat artırmış oluruq.
Eyni zamanda, bu layihələr beynəlxalq əməkdaşlığı genişləndirir, gücləndirir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində iştirak edən ölkələrin sayına, onların gücünə baxsaq, görərik ki, bu, doğrudan da genişmiqyaslı beynəlxalq əməkdaşlıq formatıdır.
Şərq-Qərb nəqliyyat dəhlizi Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə və ondan sonra Avropa ölkələrini birləşdirir. Şimal-Cənub nəqliyyat dəhlizi Pakistan, Hindistan, İran, Azərbaycan, Rusiya, Şimali Avropa ölkələrini birləşdirir.
Cənub-Qərb dəhlizi isə daha geniş formatda ölkələri birləşdirir. Bütün bu layihələrdə iştirak edən ölkə Azərbaycandır. Biz bu layihələrin həyata keçirilməsi üçün çox böyük səylər qoyduq, çox böyük siyasi addımlar atıldı. Yəni, bu layihələrin həyata keçirilməsi üçün məqsədyönlü, düşünülmüş şəkildə işlədik, çalışdıq. Nəhayət, bunun nəticəsini görürük.
Bir daha demək istəyirəm ki, bu layihələrin həyata keçirilməsi təkcə bizə iqtisadi mənfəət gətirməyəcək. Halbuki biz nəqliyyat potensialımızdan çox böyük səmərə ilə istifadə edərək, öz iqtisadi vəziyyətimizi daha da yaxşılaşdıracağıq.
Bu layihələr Azərbaycanın geosiyasi önəmini böyük dərəcədə artırır. Azərbaycan Avrasiya məkanında regional əməkdaşlıq üçün əvəzolunmaz ölkə kimi öz fəaliyyətini davam etdirəcək. Onsuz da dünyada bizə böyük hörmət, rəğbət var. Azərbaycan çox etibarlı tərəfdaş, çox qabiliyyətli ölkə kimi tanınır. Bizim artan iqtisadi gücümüz imkan verir ki, belə tarixi layihələri icra edək.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi Azərbaycanın dövlət büdcəsi hesabına həyata keçirilən önəmli layihələrdən biridir və bu gün bizim tariximizdə yaddaqalan və önəmli gün kimi qalacaq”.