Siyasi sistemdə islahatlar aparmadan iqtisadi sahədə davamlı inkişafa nail olmaq mümkün deyil. Son illər bu istiqamətdə çoxlu işlər görülüb. Azərbaycan dünyaya açıq bir ölkədir.
ÇıxışYolu.Com xəbər verir ki, bunu “Rossiyskaya qazeta”ya verdiyi müsahibədə Azərbaycan prezidenti İlham Əliyev bildirib. Dövlət başçısının sözlərinə görə, Azərbaycanda mətbuat azadlığı tam təmin olunur.
“Azərbaycan müstəqil interneti olan ölkədir, internet istifadəçilərinin sayı sürətlə artır və artıq təxminən 80 faizə çatıb. Eyni zamanda, ölkədə sərbəst toplaşma, siyasi fəaliyyət azadlığına şərait yaradılır. Biz Avropa Şurasının üzvü olaraq, cəmiyyətimizin daha da demokratikləşdirilməsi ilə bağlı üzərimizə öhdəlik götürmüşük. Hesab edirəm ki, bunun öhdəsindən uğurla gəlmişik. Ancaq əlbəttə ki, əlavə səylər tələb edən bəzi məsələlər var”, – deyə İ.Əliyev bildirib.
Prezident qeyd edib ki, ölkə rəhbərliyi siyasi islahatların və nailiyyətlərin səviyyəsini aydın şəkildə qiymətləndirir.
“Hesab edirik ki, tariximizi, Azərbaycanın gənc və müstəqil dövlət olmasını, coğrafi mövqeyi, regionda olan potensial riskləri nəzərə alaraq, müstəqilliyimizin 26 ili ərzində maksimum mümkün olanı etmişik”.
Azərbaycanın dövlət başçısı inkişafı tələb olunan ictimai nəzarətin gücləndirilməsi məsələsinə toxunub:
“Azərbaycanda sosial-iqtisadi, infrastruktur inkişafı planında çox işlər görülür. İctimai nəzarət lazımi səviyyədə olmadıqda, bu nəzərdə tutulan planlarda pozuntulara və gecikmələrə yol açır.
Əlbəttə ki, biz bundan sonra da Azərbaycanın demokratikləşməsi istiqamətinə işləri davam etdirəcəyik, biz açıq ölkəyik. İradəli şəkildə bu yolu tutmuşuq. Bundan sonra da həm siyasi, həm də iqtisadi islahatları inkişaf etdirməyə davam edəcəyik”.