Biz dövlət xətti ilə böyük həcmdə müasir texnika almışıq, – 500-ə yaxın pambıqyığan kombayn, – onların böyük hissəsi artıq alınıb. Digər texnika – Azərbaycanda istehsal olunan traktorlar, eyni zamanda, xarici texnika, qoşqular.
ÇıxışYolu.Com-ın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Bərdədə pambıqçılığın inkişafına dair respublika müşavirəsində deyib.
“Dünən mən Bərdədə də texnikanın bir hissəsi ilə tanış olmuşam. Bu məqsədlər üçün böyük vəsait ayrılır. Gübrə ilə təminat yaxşılaşır. Azərbaycan dövləti bu sahəni də demək olar ki, öz üzərinə götürüb, 70 faiz güzəştlə gübrələr verilir. Bu sahədə əldə edilmiş uğurlara baxmayaraq, biz daha da ciddi işləməliyik. Gübrələrin keyfiyyəti daha yaxşı olmalıdır, bu sahəyə də böyük diqqət göstərilir”, – deyə dövlət başçısı vurğulayıb.
Azərbaycan prezidenti bildirib ki, son illərdə meliorasiya sahəsində böyük layihələr icra edilib:
“On minlərlə hektar torpaqda meliorativ tədbirlər görülüb. O cümlədən, Bərdə rayonunda və digər rayonlarda bu sahəyə də çox böyük vəsait ayrılmışdır və digər kompleks tədbirlər görülüb. Pambıqçılığın inkişafı ilə bağlı mərkəzləşdirilmiş idarəetmə sistemi yaradılıb. Prezident Administrasiyası, yerli icra orqanları, şirkətlər, fermerlər, zəhmətkeşlər artıq bir nöqtəyə vuraraq yaxşı nəticələrə imza atmışlar. İki il ərzində əldə edilmiş rəqəmlər bunun ən yaxşı göstəricisidir.
Pambıqçılıq əmək tutumlu sahədir. Biz pambıqçılığın inkişafı ilə bağlı, eyni zamanda, on minlərlə yeni iş yeri yaratdıq. Bütövlükdə son illərdə pambıqçılıqla məşğul olan insanların sayı 200 minə yaxınlaşır. Bu insanların böyük əksəriyyəti işləmirdi, ancaq bu gün işlə təmin olunurlar. Əlbəttə ki, bu, xüsusən bölgələrdə işsizliyin aradan qaldırılması istiqamətində çox ciddi sosial sahədir. Mən əvvəlki çıxışlarımda da bunu qeyd etmişəm, bu gün də qeyd etmək istəyirəm, bizim üçün pambıqçılığın inkişafında əldə edilmiş nəticələr arasında məhz sosial amil ön plandadır. İş yerlərinin yaradılması əsas vəzifəmizdir, biz buna da nail ola bilmişik”.