770d5db7-1add-48ff-a9c0-4e0fdf3590a7..jpg

İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Baxış sayı: 1. 240 dəfə baxılıb.

İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik
edib.

AZƏRTAC

xəbər verir ki, mətndə deyilir:

“Hörmətli həmvətənlər!

Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə bahar əhval
ruhiyyəsi, cansağlığı və gələcək işlərinizdə nailiyyətlər arzulayıram.

Azərbaycan torpağında çox qədim kökləri olan Novruz bayramı əcdadlarımızın
indiki nəsillərə müqəddəs yadigarıdır. Zamanın bütün sınaqlarından çıxaraq
əsrlərin yaddaşında silinməz izlər qoyan bu el bayramı uzaq dövrlərdən bəri
xalqımızın mənəvi dünyasının dərinliklərinə nüfuz etmiş, ənənəvi dəyərlərimizin
təşəkkülündə mühüm rol oynamışdır. Ulu babalarımızın zəngin daxili aləmi,
müdrik həyat fəlsəfəsi və gələcəklə bağlı işıqlı arzuları bahar bayramında
dolğun təcəssümünü tapmışdır.

Ülvi bəşəri hisslərin daşıyıcısına çevrilən, yeniləşdirici gücə malik Novruz
bayramı bu gün də insanlar arasında səmimi münasibətlərə yol açaraq dostluq,
mərhəmət və xeyirxahlıq duyğularını möhkəmləndirir, cəmiyyətimizin vahid
məfkurə ətrafında inkişafının ahəngdarlığını təmin edir. Milli varlığımızın
ayrılmaz parçası saydığımız və yad təsirlərdən qoruduğumuz Novruz ənənələri
mənəvi sərvətlərimizə hörmətlə yanaşmağımızın yüksək ifadəsi, eyni zamanda
bəşər mədəniyyəti xəzinəsinə qiymətli töhfəmizdir.

Xatirəsini daim minnətdarlıqla andığımız şəhidlərimizin öz canları, qanları
bahasına azadlıq bəxş etdikləri əzəli torpaqlarımızda gerçəkləşdirilən
irimiqyaslı layihələr, geniş vüsət alan quruculuq işləri və əhalimizin doğma
yurdlara qayıdışı ilə yenidən canlanan həyat yaz fəslinin Odlar diyarına builki
gəlişinə xüsusi ab-hava qatır və rəmzi məna qazandırır.

Ölkəmizin hüdudlarından uzaqlarda yaşayan, qəlbi vətən sevgisi ilə döyünən və
baharı bizimlə birgə qarşılayan soydaşlarımıza bayram salamlarımı yetirirəm.

Bu əlamətdar bayramın hər evə, hər ocağa yeni sevinc, bol ruzi-bərəkət və
firavanlıq gətirməsini arzu edirəm.

Novruz bayramınız mübarək olsun!”

Source link