6d5e5dbf-e426-42de-afce-054640f313e9..jpg

İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirliyində olub, başsağlığı verib – YENİLƏNİB + FOTO

Baxış sayı: 806 dəfə baxılıb.

İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirliyində olub, başsağlığı verib –
YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də Türkiyə
Respublikasının ölkəmizdəki səfirliyində olub, Türkiyədə baş vermiş zəlzələ
nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib.

AZƏRTAC

xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı dövlətimizin
başçısını qarşılayıb.

Prezident İlham Əliyev matəm kitabına ürək sözlərini yazıb.

Sonra dövlətimizin başçısı səfirlə söhbət edib.

Prezident İlham Əliyev deyib:

“Sizə bir daha başsağlığı verirəm. Çox böyük bəladır, böyük faciədir. Günahsız
insanlar həlak olublar, yaralanıblar.

Bilirsiniz ki, Azərbaycan hər zaman olduğu kimi, ilk dəqiqələrdən, ilk
saatlardan qardaş Türkiyənin yanında idi və öz dəstəyimizi, öz həmrəyliyimizi
həmişə olduğu kimi nümayiş etdirmişik. Əgər bu acı faciənin fəsadlarının aradan
qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf bilirik.
Hər zaman Türkiyə də bizim yanımızdadır, yaxşı günlərdə, çətin günlərdə.

Bu dəhşətli zəlzələ bizi çox sarsıtdı. Yəni, hər birimizə böyük mənəvi əzab
verdi. Biz qardaşlarımızın dərdinə şərikik. Yaralılara tezliklə Allahdan şəfa
diləyirik. Mən əziz qardaşım, cənab Prezidentə telefonla başsağlığı vermək üçün
zəng edəndə dedim ki, bütün varlığımızla biz Sizinlə bir yerdəyik və bilirsiniz
ki, durmadan heyətlər göndərilir. Eyni zamanda, həkimlər, xilasedicilər,
könüllülər göndərilir və göndəriləcəkdir.

Bilirsiniz ki, Azərbaycan xalqı könüllü olaraq qardaşlara, öz doğma
qardaşlarına dəstək olmaq üçün kimin əlində nə var onu gətirir. Yəni, kimi
yorğan gətirir, kimi döşək gətirir, kimi gödəkcə gətirir. Kimin imkanı nəyə
çatırsa, onu da əsirgəmir. Biz bütün dünyaya bir daha nümayiş etdiririk ki,
təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil,
insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur və bu da təbiidir.

Bizim ictimai təşkilatlarımız da öz dəstəyini göstərirlər. Heydər Əliyev Fondu
artıq böyük təşəbbüsə start verdi. Fondun bütün imkanları, Fondun nəzdində
çalışan bütün insanlar artıq bu yardım kampaniyasına qoşulmuşlar.

Mənə verilən məlumata görə, özəl şirkətlər artıq fəaliyyətə keçiblər və həm
maddi yardım, eyni zamanda, texniki yardım göstərməyə başlamışlar. Mənim
göstərişimlə bizim ən böyük şirkətimiz SOCAR öz dəstəyini verməyə başlayır.
Bilirsiniz ki, SOCAR-ın Türkiyədə böyük fəaliyyəti, böyük imkanları var. Bu
şirkət, eyni zamanda, Türkiyə şirkətidir və əlində olan bütün imkanlarla yardım
etməyə çalışır və çalışacaq.

Bilirəm ki, bizim dövlət qurumlarının nümayəndələri də öz təşkilatları
çərçivəsində humanitar yardımın təşkilində fəaldırlar və bunu biz ancaq
alqışlaya bilərik. Yəni, bütün Azərbaycan xalqı bu gün qardaş türk xalqının
yanındadır.

Mənim göstərişimlə bütün yardım məsələləri bir mərkəzdən idarə olunacaq,
Prezident Administrasiyasının rəhbərinə göstəriş verildi. O cümlədən bizim
xəstəxanalarda yaralı qardaş-bacılarımızın müalicəsi uçun bütün şərait var. Həm
Bakıda, digər şəhərlərdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında artıq
çarpayılar ayrılıb və əgər ehtiyac olarsa, biz xəstələri gətirməyə də hazırıq.

Paralel olaraq, böyük bir qrup könüllü artıq yola düşür. Bizim böyük könüllü
qruplarımız var – həm Heydər Əliyev Fondunun nəzdində fəaliyyət göstərən
könüllülər, həm ASAN könüllüləri, yəni, onlar hər zaman Azərbaycanda bədbəxt
hadisə baş verdikdə, – məsələn, bizdə də Şamaxı, Ağsu, İsmayıllıda zəlzələ baş
verdikdə, – ilk yardıma yetişən də onlar olmuşlar. Onlar indi hərəkətdədir,
yoldadırlar.

Əminəm ki, Türkiyə bu acı sınaqdan da şərəflə çıxacaq, bunu da aşacaq. Ancaq
bu, inanılmaz dərəcədə böyük faciədir. Hər bir qurtarılan can elə bil ki, bizə
bir dünyanı bağışlayır. Yenə də deyirəm, həm Türkiyədən, həm Azərbaycandan, həm
digər ölkələrdən gələn xilasedicilər çox böyük iş görürlər. Əlbəttə ki, burada
əsas yük və mənəvi yük Türkiyə hökumətinin üzərinə düşür. Mənim qardaşım
hörmətli Prezident dərhal bütün göstərişləri verdi, bütün nazirləri fəlakət
zonalarına göndərmişdir və tam əminəm ki, güclü və qüdrətli Türkiyə dövləti bu
çətinliyi də aşacaq və tezliklə qurtarma, arama işlərinin aparılmasında öz
səylərini davam etdirəcək. Ondan sonra təbii ki, bərpa işlərinə də biz
qoşulmağa hazırıq. Yəni, Türkiyə-Azərbaycan artıq bir yumruqdur, bir ürəkdir,
bir candır. Biz belə görürük, Türkiyə və Azərbaycan vətəndaşları da belə
görürlər. Bu ağır günlərdə Türkiyənin yanında olmaq bizim üçün böyük şərəfdir.

Bir daha deyirəm, keçmiş olsun, bütün həlak olanlara Allah rəhmət eləsin,
yaxınlarına Allah səbir versin və təbii fəlakətlər olur, heç kim bundan
sığortalı deyil. Amma Türkiyə dövlətinin operativ və çevik addımları bir daha
göstərdi ki, insan amili Türkiyə hökuməti üçün əsas məsələdir və bu ağır sınaq,
eyni zamanda, Türkiyənin gücünü bir daha bütün dünyaya göstərəcək. Bu, qardaş
xalqımızı sarsıtmayacaq, Türkiyə dövlətinin iradəsinə təsir etməyəcək. Türkiyə
dövləti güclü dövlətdir və bu fəlakətlə də mübarizədə öz gücünü göstərir”.

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib:

“Hörmətli cənab Prezident, ziyarətiniz üçün çox təşəkkür edirəm, böyüklük
göstərdiniz. Sağ olun, var olun.

Biz bilirik ki, qardaş Azərbaycan ilk dəqiqədən etibarən Sizin tapşırığınızla
səfərbər olmuşdur. Təkcə Fövqəladə Hallar Nazirliyi ilə deyil, bütün qurumları,
cəmiyyətləri, xalqı ilə səfərbər olmuşdur. Ürəkləri bizim acımızı
yüngülləşdirmək üçün döyünmüşdür. Biz bunun şahid olduq, görürük. Çox təşəkkür
edirik, sağ olun.

Həqiqətən çox böyük zəlzələ oldu. Türkiyə tarixində ilk dəfə lokal olmayan
zəlzələ bizə böyük acı verdi. Ondan çox şəhərə, on milyondan çox insanımıza
təsir etdi, itkilərimiz hər gün artır. Allah millətimizə səbr versin və bir
daha bizə belə böyük acı yaşatmasın, İnşallah.

Hörmətli cənab Prezident, çox təşəkkür edirəm. Həqiqətən Azərbaycan bir ürək
olmuşdur. Xalqımız gücü nəyə çatırsa yardım edir. Yardım üçün çalışan
insanların zəhməti sayəsində hazırda yük maşınları yola çıxıb. Həqiqətən
minnətdarıq. Bu gün Milli Məclisin sədri hörmətli Sahibə xanım, hörmətli Baş
nazir Əli Əsədov və iqtisadiyyat naziri Mikayıl Cabbarov zəng etdilər. Sizin
tapşırığınızla qurumlar istər daşıma, istərsə də generator, transformator,
xəstəxana ləvazimatlarına ehtiyacla bağlı maraqlanırlar. Biz də onlarla
koordinasiya şəraitində işləyirik.

Yaralarımızı sağaltmaq üçün dəstəyinizə görə çox sağ olun. Biz bilirik ki,
qardaşıq və bunu ürəkdən yaşayırıq, hiss edirik. Türkiyə də bütün qəlbi ilə
Azərbaycana təşəkkürlərini çatdırır, hörmətli cənab Prezident”.

Prezident İlham Əliyev: “Sağ olun”.

Cahit Bağçı: “Sağ olun, cənab Prezident”.

14:54

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də Türkiyə
Respublikasının ölkəmizdəki səfirliyində olub, Türkiyədə baş vermiş zəlzələ
nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib.

AZƏRTAC

xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı dövlətimizin
başçısını qarşılayıb.

Prezident İlham Əliyev matəm kitabına ürək sözlərini yazıb.

Sonra dövlətimizin başçısı səfirlə söhbət edib.

Source link