0bfdd7c8-af32-4a4a-822f-358e05dc47a4..jpg

İlham Əliyev Türkiyənin sənaye və texnologiya nazirini qəbul etdi

Baxış sayı: 713 dəfə baxılıb.

İlham Əliyev Türkiyənin sənaye və texnologiya nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Türkiyə
Respublikasının sənaye və texnologiya naziri Mustafa Varankı qəbul edib.

AZƏRTAC

xəbər verir ki, Türkiyənin ilk yerli elektromobili “Togg”un istehsalı ilə
bağlı təbriklərini çatdıran dövlətimizin başçısı onun Bakıya gətirilməsindən
məmnunluğunu bildirib, bununla bağlı Türkiyə dövlətinin başçısına
minnətdarlığını ifadə edib.

Azərbaycan Prezidenti bu tipli avtomobilin ikincisinin ölkəmizdə olmasını
dostluq və qardaşlıq münasibətlərimizin təzahürü kimi dəyərləndirib.

Dünən Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarla
görüşünü xatırladan Prezident İlham Əliyev qardaş ölkədə son illərdə həm
müdafiə sənayesi, həm də mülki sənaye sahələrində yüksək texnoloji məhsulların
istehsal olunduğunu deyib, bunun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın
liderliyi ilə Türkiyə xalqının zəkası, istedadı və əməyi nəticəsində ərsəyə
gəldiyini vurğulayıb və “Togg”un istehsalına başlanılmasının da bu baxımdan
yaxşı nümunə olduğunu bildirib.

Dövlətimizin başçısı əldə olunan bütün bu uğurlar münasibətilə Türkiyə
Prezidentinə, dost və qardaş Türkiyə xalqına təbriklərini çatdırıb.

Mustafa Varank “Togg”un ikinci avtomobilinin Azərbaycanda olmasından Türkiyə
Prezidenti və xalqının qürur hissi keçirdiyini bildirib.

Söhbət zamanı Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq
münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən sənaye və texnologiya
sahələrində inkişafından məmnunluq ifadə olunub, əməkdaşlığımızın
perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Source link