866f1bb6-1dd3-4588-a48b-1bcc199c0b6f..jpg

İlham Əliyev və Mehriban Əliyeva Azərpaşa Nemətovun vəfatı ilə bağlı nekroloq imzalayıblar

Baxış sayı: 568 dəfə baxılıb.

İlham Əliyev və Mehriban Əliyeva Azərpaşa Nemətovun vəfatı ilə bağlı nekroloq
imzalayıblar

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərpaşa
Zəfər oğlu Nemətovun vəfatı ilə əlaqədar nekroloq imzalayıblar.

AZƏRTAC xəbər
verir ki, nekroloqun mətnində deyilir:

“Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Azərbaycan teatr sənətinin
tanınmış nümayəndəsi, görkəmli rejissor, Azərbaycan Teatr Xadimləri İttifaqının
İdarə Heyətinin sədri, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü,
Xalq artisti, professor Azərpaşa Zəfər oğlu Nemətov 2023-cü il aprelin 9-da
ömrünün 76-cı ilində vəfat etmişdir.

Azərpaşa Nemətov 1947-ci il avqustun 13-də Bakı şəhərində anadan olmuşdur.
Bülbül adına orta ixtisas musiqi məktəbini bitirdikdən sonra o, 1965-1970-ci
illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun
rejissorluq fakültəsində ali təhsil almışdır.

Əmək fəaliyyətinə 1967-ci ildən Azərbaycan Respublikası Nazirlər Soveti
yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsində rejissor assistenti
kimi başlayan Azərpaşa Nemətov 1970-1972-ci illərdə Azərbaycan Dövlət İncəsənət
İnstitutunda assistent olmuş, 1973-1974-cü illərdə isə Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrında quruluşçu rejissor işləmişdir. O, 1974-1976-cı illərdə
indiki Sankt-Peterburq şəhərində Leninqrad Gənc Tamaşaçılar Teatrında
rejissor-stajor olaraq çalışdıqdan sonra 1977-ci ildə Bakıya qayıdaraq
fəaliyyətini yenidən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında davam
etdirmiş və burada 1990-cı ilədək quruluşçu rejissor, baş rejissor və bədii
rəhbər vəzifələrində çalışmış, 1990-1992-ci illərdə Azərbaycan Dövlət Akademik
Dram Teatrında quruluşçu rejissor olmuş, 2015-ci ildən Azərbaycan Dövlət
Akademik Milli Dram Teatrının bədii rəhbəri – baş rejissoru, 2016-cı ildən isə
Teatrın bədii rəhbəri – direktoru vəzifəsini tutmuşdur.

Azərpaşa Nemətov 1992-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının İdarə
Heyətinin sədri seçilərək ömrünün sonunadək İttifaqa rəhbərlik etmişdir.

Azərbaycan teatr sənətinin inkişafında Azərpaşa Nemətovun yüksək ictimai
məsuliyyət hissinə malik və müasir teatr texnologiyalarını ustalıqla mənimsəmiş
sənətkar kimi özünəməxsus xidmətləri vardır. Milli Dram Teatrının səhnəsində
onun Azərbaycan və dünya dramaturji irsinin dəyərli nümunələrinə quruluş
verdiyi tamaşalar daim özünün parlaq rejissor həlli ilə seçilmiş, yenilikçi
ruhu sayəsində teatr mühitində rəğbətlə qarşılanmış və mütəxəssislər tərəfindən
layiqli qiymətini almışdır. Həmin tamaşalar ölkəmizin hüdudlarından kənarda
keçirilən müxtəlif festival və müsabiqələrdə də uğurla nümayiş etdirilmişdir.

Azərpaşa Nemətov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində
uzun illər səmərəli pedaqoji fəaliyyət göstərmiş, tədris etdiyi rejissorluq
sənətinin əsaslarını yetirmələrinə mənimsətmək üçün qüvvə və bacarığını
əsirgəməmişdir.

Respublikanın mədəni-ictimai həyatının fəal iştirakçısı olan Azərpaşa
Nemətovun Azərbaycan Teatr Xadimləri İttifaqına rəhbərlik etdiyi illərdə
ölkənin teatr həyatında bir çox təqdirəlayiq işlər görülmüşdür.

Azərpaşa Nemətovun Azərbaycan mədəniyyətinin inkişafında xidmətləri dövlət
tərəfindən layiqincə qiymətləndirilmişdir. O, 1987-ci ildə “Əməkdar incəsənət
xadimi” və 2002-ci ildə “Xalq artisti” fəxri adlarını almış, 2007-ci ildə
müstəqil Azərbaycanın ali mükafatlarından olan “Şöhrət”, 2017-ci ildə 2-ci
dərəcəli “Vətənə xidmətə görə” və 2022-ci ildə “Şərəf” ordenləri ilə təltif
edilmişdir.

Görkəmli sənətkar, mahir pedaqoq və səmimi insan Azərpaşa Zəfər oğlu Nemətovun
xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Fərəh Əliyeva

Adil Kərimli

Anar Rzayev

Firəngiz Əlizadə

Fərhad Xəlilov

Şəfiqə Məmmədova

Rasim Balayev

Hacı İsmayılov”.

Source link