45083f69-8ccf-4080-a969-a4fb2476fa89..jpg

İlham Əliyev və Mehriban Əliyeva Teymur Bünyadovun vəfatı ilə bağlı nekroloq imzalayıblar

Baxış sayı: 1. 386 dəfə baxılıb.

İlham Əliyev və Mehriban Əliyeva Teymur Bünyadovun vəfatı ilə bağlı nekroloq
imzalayıblar

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Teymur
Əmiraslan oğlu Bünyadovun vəfatı ilə əlaqədar nekroloq imzalayıblar.

AZƏRTAC
xəbər verir ki, nekroloqun mətnində deyilir:

“Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Respublikanın qocaman
tarixçi-etnoqrafı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar
elm xadimi, tarix elmləri doktoru, professor Teymur Əmiraslan oğlu Bünyadov
2022-ci il aprelin 8-də ömrünün 95-ci ilində vəfat etmişdir.

Teymur Bünyadov 1928-ci il yanvarın 20-də Qazax rayonunun İkinci Şıxlı
kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1946-1951-ci
illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində ali təhsil almış,
1951-ci ildə isə SSRİ Elmlər Akademiyasının Maddi Mədəniyyət Tarixi
İnstitutunun aspiranturasına daxil olmuş və burada 1955-ci ildə namizədlik
dissertasiyası müdafiə etmişdir.

Teymur Bünyadov 1955-1993-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Tarix
İnstitutunda elmi işçi, baş elmi işçi və şöbə müdiri vəzifələrində çalışmış,
1993-cü ildən ömrünün sonunadək AMEA-nın hazırkı Arxeologiya, Etnoqrafiya və
Antropologiya İnstitutunda tarixi etnoqrafiya şöbəsinin müdiri olmuşdur.

Teymur Bünyadov 1968-ci ildə doktorluq dissertasiyası müdafiə edərək,
arxeologiya və etnoqrafiya elmləri sahəsində respublikamızda ilk tarix elmləri
doktoru alimlik dərəcəsi almış, 1970-ci ildə professor elmi adına layiq
görülmüşdür.

O, 1989-cu ildə AMEA-nın müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilmişdir.

Akademik Teymur Bünyadov yarım əsrdən artıq bir dövr ərzində respublikada
etnoqrafiya elminin inkişafına sanballı töhfələr vermişdir. Geniş elmi maraq
dairəsi olan alim Azərbaycanın tarixşünaslıq baxımından xüsusi əhəmiyyət kəsb
edən qədim dövrlərinin bir sıra problemlərini araşdırmışdır. O, 30-dan çox
kitab və monoqrafiyanın, yüzlərlə məqalənin müəllifi idi. Alimin Azərbaycanda
əkinçilik ənənəsi, təsərrüfat həyatı, maddi və mənəvi mədəniyyət, sənətkarlıq
və xalq məişəti ilə bağlı silsilə tədqiqatları elmi ictimaiyyət tərəfindən
maraqla qarşılanmış və lazımınca dəyərləndirilmişdir. Azərbaycanın
etnoqrafiyasına dair fundamental üçcildlik onun bilavasitə rəhbərliyi və
yaxından iştirakı ilə işıq üzü görmüşdür.

Teymur Bünyadov yüksəkixtisaslı kadrların hazırlanmasına böyük qüvvə sərf
etmişdir. O, elmi yaradıcılığını pedaqoji fəaliyyətlə ahəngdar şəkildə
əlaqələndirərək, uzun illər ölkənin aparıcı ali təhsil ocaqlarında mühazirələr
oxumuşdur. Teymur Bünyadov bir sıra mötəbər beynəlxalq konfrans və
simpoziumlardakı çıxışları ilə Azərbaycan etnoqrafiya elmini layiqincə təmsil
etmişdir.

O, eyni zamanda zəngin bədii və publisistik fəaliyyəti ilə tarixi-mədəni
irsimizin, milli-mənəvi dəyərlərimizin təbliğində təqdirəlayiq xidmətlər
göstərmişdir.

Teymur Bünyadov respublikanın elmi-mədəni həyatında yaxından iştirak etmiş,
fəal ictimai işlə məşğul olmuşdur. O, birinci çağırış Azərbaycan Respublikası
Milli Məclisinin deputatı seçilmişdir.

Akademik Teymur Bünyadovun uzunmüddətli səmərəli fəaliyyəti yüksək
qiymətləndirilmişdir. Azərbaycan elminin inkişafında xidmətlərinə görə o,
müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət” və
“Şərəf” ordenləri ilə təltif edilmişdir.

Görkəmli alim, səmimi insan Teymur Bünyadovun xatirəsi onu tanıyanların
qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Fərəh Əliyeva

Emin Əmrullayev

Arif Həşimov

İsa Həbibbəyli

Nailə Vəlixanlı

Yaqub Mahmudov”.

Qeyd edək ki, akademik Teymur Bünyadov II Fəxri xiyabanda dəfn olunub.

Source link