91b6c891-0de3-41f0-8f82-deac979938d3..jpg

İlham Əliyevin Əbu-Dabi Dayanıqlılıq Həftəsinin açılışındakı çıxışının tam mətni – YENİLƏNİB + FOTO/VİDEO

Baxış sayı: 697 dəfə baxılıb.

İlham Əliyevin Əbu-Dabi Dayanıqlılıq Həftəsinin açılışındakı çıxışının tam
mətni – YENİLƏNİB + FOTO/VİDEO

Yanvarın 16-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq
Həftəsinin rəsmi açılış mərasimi keçirilir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
tədbirdə iştirak edib.

Dövlətimizin başçısı açılış mərasimində çıxış edib.

Prezident İlham Əliyevin çıxışı

“Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Zati-aliləri Şeyx Məhəmməd bin Zayed
Al Nəhyan.

Dövlət və hökumət başçıları.

Xanımlar və cənablar.

Əvvəlcə, bu mühüm toplantıda iştirak etmək üçün məni dəvət etdiyinə görə
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə təşəkkürümü bildirmək istəyirəm. Bu
auditoriya qarşısında çıxış etməkdən böyük şərəf hissi duyuram. Dünən bizim
cənab Prezidentlə əla görüşümüz oldu. Bu, Azərbaycan ilə Birləşmiş Ərəb
Əmirlikləri arasında münasibətlərin bir çox sahədə strateji əhəmiyyətini bir
daha təsdiqlədi. Bu fürsətdən istifadə edərək, bizi qəbul edən bütün tərəflərə
minnətdarlığımı bildirirəm.

Mən çox böyük nailiyyətlər və sürətli inkişaf münasibətilə Birləşmiş Ərəb
Əmirliklərinin Prezidentini və xalqını təbrik etmək istəyirəm. Cənab Prezident,
Sizin rəhbərliyinizlə Birləşmiş Ərəb Əmirlikləri dünyanın ən sabit, inkişaf
etmiş və uğurlu ölkələrindən birinə çevrilib. Biz – Sizin Azərbaycandakı
qardaşlarınız olaraq, gördüyünüz işlərdən çox fərəhlənirik.

Biz Azərbaycanda bərpa olunan enerji mənbələrini öz enerji təhlükəsizliyimizin
təmin olunması üçün inkişaf etdirmirik. Enerji təhlükəsizliyimizi hələ bir neçə
il əvvəl təmin etmişik. Bu gün Azərbaycan nəinki öz enerji tələbatlarını təmin
edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya
məhsullarını və elektrik enerjisini ixrac edir. Bərpa olunan enerji ilə bağlı
proqramımız tamamilə fərqli gündəliyə malikdir. Birincisi, bu onunla bağlıdır
ki, nəhəng potensial var. İkincisi, biz onun sayəsində ixracımızı
şaxələndirəcəyik. Əlbəttə ki, nəticədə iqtisadiyyatımızın yeni ekoloji təmiz
sektoru yaranacaq.

Cəmi iki il əvvəl Azərbaycan Cənub Qaz Dəhlizi meqa enerji layihəsini öz
tərəfdaşları ilə başa çatdırıb, Azərbaycandan Cənubi Avropaya gedən inteqrasiya
edilmiş boru kəmərləri sistemini qurub. Həmin boru kəmərinin uzunluğu 3500
kilometrdir.

Təbii qaz ixracımız artır – ötən il 19 milyard kubmetr idisə, bu il 24 milyard
kubmetrə çatacaq. O, artmaqda davam edəcək. Buna görə mən bir daha söyləmək
istərdim ki, Azərbaycanın bərpa olunan enerji mərkəzlərindən birinə çevrilməsi
planlarımız Azərbaycanın öz enerji təhlükəsizliyi ilə bağlı deyil, belə ki, biz
həmin işləri artıq söylədiyim başqa səbəblərə görə aparırıq.

Potensialımıza gəldikdə, bəzi rəqəmləri diqqətinizə çatdırım. Quruda 27
giqavatlıq külək və günəş enerjisi, 2020-ci ildə Vətən müharibəsi zamanı azad
edilmiş ərazilərdə 10 giqavatlıq külək və günəş enerjisi, həmçinin Xəzər
dənizinin Azərbaycan sektorunda 157 giqavatlıq külək enerjisi imkanları
mövcuddur. Yəni, 200 giqavata yaxın potensial var. Əlbəttə ki, bizə kifayət
qədər ixrac marşrutları lazımdır. Təbii ki, biz bütün bu layihələri mərhələli
şəkildə icra edirik.

Dünən “Masdar” və Azərbaycan Dövlət Neft Şirkəti 4 giqavatlıq külək və günəş
enerjisi stansiyalarının yaradılmasına dair razılaşma imzaladılar. Bu, hələ
qısamüddətli bir layihədir. Ortamüddətli layihələr nəticəsində güclər 10
giqavata qədər artırılacaq. Bu, tamamilə icra olunandır, bununla bağlı yol
xəritəmiz var. Yalnız həmin layihə nəticəsində “Masdar” ilə apardığımız
əməkdaşlıq Azərbaycanı yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevirəcəkdir.

Bütövlükdə, Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma
memorandumları və sazişlər bizə 22 giqavata qədər külək və günəş enerjisini
istehsal etmək imkanını yaradacaq.

Əlbəttə ki, bu məqsəd üçün, artıq qeyd etdiyim kimi, bizə ixrac marşrutları
lazımdır. Elə ötən ay – dekabrın 17-də Azərbaycan, Gürcüstan, Macarıstan və
Rumıniya Gürcüstanın Qara dəniz sahilindən Rumıniyanın Qara dəniz sahilinə
qədər “Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsinə dair” Saziş
imzaladılar. Bu Saziş Avropa Komissiyası Prezidentinin şahidliyi ilə
imzalanmışdır. Planımız Azərbaycandan 4 giqavatlıq yaşıl enerjini nəql etmək
imkanını yaradacaq kabeli çəkməkdir. Lakin bu, kifayət etməyə bilər. Burada
söhbət artıq razılaşdırılmış həcmlər barədə gedir. Lakin planlarımız daha
genişdir.

Azərbaycanda investisiya mühiti çox müsbətdir. Biz neft və qaz sektoruna böyük
sərmayələr cəlb etmişik. İndi isə hədəfimiz bərpa olunan enerjidir. Digər
sözlə, planlarımız böyükdür və əminəm ki, işlərin öhdəsindən gələcəyik.

Çox sağ olun”.

11:52

Yanvarın 16-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq
Həftəsinin rəsmi açılış mərasimi keçirilir.

AZƏRTAC

xəbər verir ki, Azərbaycan Respublikasının Prezidentiİlham Əliyev tədbirdə
iştirak edib.

Dövlətimizin başçısı açılış mərasimində çıxış edib.

11:40

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əbu-Dabidə Dayanıqlılıq
Həftəsinin rəsmi açılış mərasimində çıxış edib.

11:30

Əbu-Dabidə Dayanıqlılıq Həftəsi başlayıb.

Cixisyolu.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
rəsmi açılış mərasimində çıxış edir.

11:20

Əbu-Dabidə Dayanıqlılıq Həftəsi başlayıb.

Cixisyolu.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
rəsmi açılış mərasimində iştirak edir.

10:40

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əbu-Dabi Dayanıqlılıq
Həftəsinin rəsmi açılış mərasimində iştirak edəcək.

Cixisyolu.com xəbər verir ki, dövlətimizin başçısı mərasimdə çıxış edəcək.

İlham Əliyevin çıxışı bir azdan televiziyalar vasitəsilə canlı yayımlanacaq.


Source link