312efe25-00d2-4c8c-9f3f-8683f3d2c09a..jpg

İlham Əliyevin Almaniya səfəri və erməniləri məyus edən səbəblər – “Kaspi”nin ARAŞDIRMASI + FOTO

Baxış sayı: 953 dəfə baxılıb.

İlham Əliyevin Almaniya səfəri və erməniləri məyus edən səbəblər – “Kaspi”nin
ARAŞDIRMASI + FOTO

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri iki ölkə arasında
münasibətlərin daha da gücləndirilməsinə, əməkdaşlığın genişləndirilməsinə
mühüm töhfə verəcək, münasibətləri yeni müstəviyə daşıyacaq. Diqqəti çəkən
xüsusi məqam Almaniya rəsmilərinin Azərbaycanın ərazi bütövlüyünə,
suverenliyinə növbəti dəfə dəstək ifadə etmələridir.

Mövzuyla bağlı “Kaspi”

qəzetinin müsahibəsini təqdim edirik.

Prezident İlham Əliyevin qısa zaman kəsiyində Almaniyaya ikinci dəfə səfər
etməsi Cənubi Qafqaz üçün mühüm iqtisadi və geosiyasi əhəmiyyətə malikdir. Qeyd
edək ki, Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi
tərəfdaşlarından biridir. İki ölkə arasında siyasi münasibətlərin yüksək
səviyyəsi qarşılıqlı səfərlər və intensiv parlamentlərarası əməkdaşlıqda öz
əksini tapıb. Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30
illiyinin qeyd olunduğu 2022-ci ilin yekunlarına görə, Azərbaycanla Almaniya
arasında ticarət dövriyyəsi, qarşılıqlı ixrac artıb.

İnkişaf edən siyasi-iqtisadi əlaqələr

Ötən il iki ölkə arasında ümumi ticarət dövriyyəsinin həcmi 1 milyard 255
milyon ABŞ dolları olub və Almaniya Azərbaycanın xarici ticarət dövriyyəsində
əsas ölkələr sırasında 8-ci yeri tutub. Həmin il Azərbaycandan Almaniyaya ixrac
olunan məhsulların dəyəri 591,3 milyon dollar təşkil edib. Azərbaycanda
qeydiyyatdan keçmiş 239 alman şirkəti var və hazırda onlardan 166-sının
fəaliyyəti aktivdir. Bu şirkətlər sənaye, kənd təsərrüfatı, nəqliyyat, rabitə,
tikinti, bank, sığorta, ticarət və xidmət sahəsində fəaliyyət göstərirlər.
Almaniya şirkətləri işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq
işlərində iştiraka da maraq göstərirlər və bununla bağlı müraciət ediblər.
Ümumiyyətlə, Almaniya Azərbaycanı Cənubi Qafqazda vacib tərəfdaş kimi qəbul
edir, ölkəmizin regionda lider mövqeyini, həmçinin beynəlxalq səviyyədə
tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü tam
dəstəkləyir. Eyni zamanda, bu ölkə Azərbaycanın Avropanın enerji
təhlükəsizliyinin təmin olunmasında mühüm rolunu təqdir edir.

Ərazi bütövlüyünə, suverenliyə dəstək

Prezident İlham Əliyevin martın 13-14-də Almaniyaya işgüzar səfəri iki ölkə
arasında münasibətlərin daha da gücləndirilməsinə, əməkdaşlığın
genişləndirilməsinə mühüm töhfə verəcək, münasibətləri yeni müstəviyə
daşıyacaq. Xatırladaq ki, səfər zamanı dövlətimizin başçısı almaniyalı həmkarı
Frank Valter Ştaynmayer, kansler Olaf Şolts, Almaniyanın aparıcı şirkətlərin
nümayəndələri ilə də görüşüb. Prezident İlham Əliyevin Berlində iştirak etdiyi
görüşlərdə diqqəti çəkən xüsusi məqam Almaniya rəsmi şəxslərinin Azərbaycanın
ərazi bütövlüyünə, suverenliyinə növbəti dəfə dəstək ifadə etmələridir.

Avropanın adından çıxış edən neytral vasitəçi

Xatırlatmaq yerinə düşər ki, Azərbaycan Prezidentindən öncə Ermənistan baş
naziri Nikol Paşinyan martın əvvəlində Berlində səfərdə olub. Həmin vaxt
Ermənistan mediası Qarabağdakı erməni icmasının “öz müqəddəratını təyin etmə”
məsələsinin Almaniyada müzakirə olunduğunu, guya rəsmi Berlinin buna tərəfdar
çıxdığını tirajlamağa başlamışdı. Lakin Prezident İlham Əliyevlə keçirilən
görüşlərdə Almaniya rəsmilərinin səsləndirdiyi fikirlər, Azərbaycanın ərazi
bütövlüyünə və suverenliyinə verilən dəstək erməni yalanını növbəti dəfə ifşa
etdi. Görünən budur ki, müasir Avropanın iki əsas gücü sayılan Fransa və
Almaniyanın Azərbaycan-Ermənistan sülh prosesinə yanaşmaları tam fərqlidir.
Almaniya ərazi bütövlüyünə hörmət prinsipini əsas tutaraq beynəlxalq hüququ
dəstəkləyir, Fransa isə bölgədə erməni separatizmini körükləməyə çalışır. Bu
reallıq fonunda sual yaranır: Sülh prosesində Almaniya Avropanın adından
neytral vasitəçi kimi çıxış edə bilərmi?

Minsk qrupunun nəticəsiz fəaliyyəti

Milli Məclisin Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi
qrupunun üzvü Vüqar İsgəndərov “Kaspi”yə bildirib ki, Fransanın xarici
siyasətində islamofobiya, türkofobiya daim hiss olunub: “Bu, özünü
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə də büruzə verib.
Ermənistan Azərbaycan ərazilərini 30 il ərzində işğal altında saxladığı halda
Fransa ATƏT-in Minsk qrupunun üzvü olaraq neytral mövqe sərgiləyə bilməyib.
Açıq-aşkar Ermənistanı dəstəkləyib. Ümumiyyətlə, Minsk qrupunun həmsədrlərinin
hər biri ehtimal edirdilər ki, münaqişənin həlli uzandıqca Azərbaycanda yeni
nəsillər Qarabağı və digər işğal altındakı ərazilərimizi unudacaq, işğal faktı
ilə barışacaqlar. Amma Azərbaycanda dünyaya gələn hər bir uşaq Şərqi Zəngəzur,
Qarabağ doğumlu oldu. Məhz bu uşaqlar böyüyərək, həmçinin bütövlükdə Azərbaycan
xalqı səfərbər olaraq 44 günlük Vətən müharibəsində şanlı qələbəmizin
qazanılmasını təmin etdilər”.

Berlin öz simasını qoruyub saxladı

Millət vəkili deyib ki, Makronun nümunəsində Fransa özünün qeyri-demokratik,
qərəzli, qeyri-obyektiv imicini yaradıb. Almaniyaya gəldikdə isə, deputat
söyləyib ki, bu dövlət ATƏT-in Minsk qrupunun üzvü olsa da, həmsədr deyildi:

“Almaniya bu müddətdə neytrallığını qoruyub saxlamağı bacardı, vacib
məqamlarda beynəlxalq hüququn prinsiplərindən çıxış edərək mövqe ortaya qoydu.
Ara-sıra bizim üçün xoş olmayan qərarların şahidi olsaq da, ümumilikdə rəsmi
Berlin münaqişə illərində, müharibə günlərində, postmünaqişə dövründə öz
simasını qoruyub saxladı. Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri
dövründə bu dövlətin prezidenti və kansleri ölkəmizin ərazi bütövlüyünə,
suverenliyinə hörmət etdiyini açıq şəkildə bəyan etdilər. Onlar ermənilərin
arzularının əksinə olaraq, separatizmə, Qarabağın “müstəqilliyinə” dəstək ifadə
etmədilər, ölkələrin ərazi bütövlüyünün toxunulmaz olduğunu vurğuladılar.
Bununla Azərbaycanın ərazi bütövlüyünə hörmət olunmasının zəruriliyini bütün
dünyaya nümayiş etdirdilər. Nəzərə alaq ki, Almaniya ilə Azərbaycan arasında
iqtisadi, siyasi əlaqələr daim inkişaf edir, Berlin Cənubi Qafqazda Bakını
özünə vacib tərəfdaş sayır. Azərbaycan sadəcə Almaniya üçün deyil, ümumən
Avropa üçün etibarlı tərəfdaşdır və qoca qitənin enerji təhlükəsizliyində mühüm
rol oynayır. Düşünürəm ki, belə gerçəklik fonunda Almaniyanın
Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsinə müsbət təsiri ola bilər”.

Source link